
Mayın 21-23-də Almaniyanın Leypsiq şəhərində “Beynəlxalq Nəqliyyat Forumu 2025” Sammiti keçirilib.
Tədbirdə ölkəmizi rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini Rəhman Hümmətovun rəhbərlik etdiyi nümayəndə heyəti təmsil edir. Sammitə 80-dən artıq ölkədən 1200-dən çox nümayəndə qatılıb.
Tədbir “Qlobal şoklara qarşı nəqliyyatın davamlılığı” mövzusuna həsr olunub. İştirakçılar təbii fəlakətlər, pandemiyalar, kibertəhlükələr və geosiyasi böhranlar kimi pozucu amillərin yaratdığı çətinliklər fonunda nəqliyyat sistemlərinin dayanıqlığının təmin olunması yollarını müzakirə ediblər.
Nazir müavini Rəhman Hümmətov Nəqliyyat Nazirləri Şurasının iclasında çıxış edərək Azərbaycanın qlobal şoklara davamlı nəqliyyat sistemlərinin yaradılması istiqamətində atdığı addımları təqdim edib. O, şəhər infrastrukturunda rəqəmsallaşma, o cümlədən tətbiq olunan “Rəqəmsal əkiz” layihəsi, eləcə də yaşıl və dayanıqlı nəqliyyat sistemlərinin inkişafı üzrə görülən işlər barədə məlumat verib. Nazir müavini, həmçinin Azərbaycanın regional nəqliyyat layihələrindəki fəal iştirakını və bu sahədə beynəlxalq əməkdaşlığın vacibliyini vurğulayıb. O qeyd edib ki, Qarabağ bölgəsində münaqişədən sonrakı dövrdə həyata keçirilən bərpa işləri çərçivəsində müasir magistral yolların, hava limanlarının tikintisinə və şəhər infrastrukturunun yenidən qurulmasına böyük həcmdə sərmayə yönəldilib. Bu da regionun dirçəlməsi və nəqliyyat əlaqələrinin canlanması baxımından mühüm əhəmiyyət daşıyır.
Tədbirdə 2025 – 2026-cı illər üzrə Beynəlxalq Nəqliyyat Forumu Sammitinə prezidentlik Çilidən Azərbaycana təhvil verilib. Azərbaycan bu vəzifəyə 2023-cü ildə üzv dövlətlərin yekdil qərarı ilə seçilib və ilk dəfə olaraq prezidentlik missiyasını üzərinə götürüb.
“Azərbaycan üçün bu prezidentlik yalnız bir vəzifə deyil, daha innovativ, yaşıl və daha əlaqəli nəqliyyat sistemlərinin təşviqi istiqamətində geniş səylərimizin davamıdır. Biz bilirik ki, nəqliyyat təkcə infrastruktur deyil, iqtisadi inkişaf, regional əməkdaşlıq və sosial inklüziya üçün bir vasitədir”, – deyə nazir müavini Rəhman Hümmətov nazirlərin mətbuat konfransında bildirib.
Rəhman Hümmətov sammit çərçivəsində bir sıra ölkələrin nümayəndə heyətləri ilə görüşlər də keçirib. Bu görüşlərdə qarşılıqlı maraq doğuran məsələlər və əməkdaşlıq perspektivləri barədə fikir mübadiləsi aparılıb.
Sammit çərçivəsində, həmçinin Beynəlxalq Nəqliyyat Forumunun tərəfdaşlarının məhsul, xidmət və innovativ təşəbbüslərini təqdim etdikləri sərgi təşkil olunub. Burada Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin stendi də nümayiş olunur. Beynəlxalq Nəqliyyat Forumunun Baş katibi Yunq Ta Kim, sammitdə iştirak edən nazirlər və nümayəndə heyətlərinin rəhbərləri stendlə tanış olublar. Ziyarətçilərə Azərbaycanın nəqliyyat sahəsindəki nailiyyətləri ilə bağlı ətraflı məlumat verilib.
Qeyd edək ki, Beynəlxalq Nəqliyyat Forumunun 69 üzvü var. Azərbaycan Respublikası 1998-ci ildən bu təşkilatın həqiqi üzvüdür. 2008-ci ildən etibarən mütəmadi olaraq təşkil olunan bu sammit qlobal nəqliyyat siyasətinin formalaşmasında əhəmiyyətli rol oynayır.





