BEYNƏLXALQ MÜLKİ MÜDAFİƏ TƏŞKİLATININ BAŞ KATİBİNƏ FHN AKADEMİYASININ FƏALİYYƏTİ BARƏDƏ MƏLUMAT VERİLİB

Beynəlxalq Mülki Müdafiə Təşkilatının (BMMT) Baş katibi xanım Njupuo Yap Mariatu Fövqəladə Hallar Nazirliyinin Akademiyasına baş çəkib, ali təhsil müəssisəsinin fəaliyyəti ilə tanış olub.

Bu barədə Fövqəladə Hallar Nazirliyinin (FHN) mətbuat xidmətindən məlumat verilib.

Qonağa ali təhsil ocağının yaranma tarixi və fəaliyyəti barədə ətraflı məlumat verilərək bildirilib ki, Akademiya xüsusi ixtisaslı ali təhsilli kadrların hazırlanmasını həyata keçirən, fövqəladə hallar sahəsində fundamental, nəzəri-metodoloji, pedaqoji-metodiki və tətbiqi elmi tədqiqatlar aparan xüsusi təyinatlı ali təhsil müəssisəsidir. Eyni zamanda, FHN Akademiyasında beynəlxalq əlaqələrə xüsusi diqqət verildiyi vurğulanıb, ali təhsil ocağının zəngin təcrübəyə malik xarici ölkələrin uyğun təhsil müəssisələri ilə yüksək səviyyəli əməkdaşlığından bəhs edilib.

Beynəlxalq Mülki Müdafiə Təşkilatının Baş katibi Akademiyada fəaliyyət göstərən Heydər Əliyev Mərkəzini ziyarət edib, konfrans zalı, fənn kabinetləri və kitabxanaya baş çəkib, Muzeylə tanış olublar. Baş katib Akademiyanın xatirə kitabına ürək sözlərini yazıb.

BMMT-nin Baş katibi FHN-in Akademiyasının fəaliyyətini yüksək qiymətləndirib, təəssüratlarının müsbət olduğunu, müasir standartlara uyğun işlərin aparıldığını diqqətə çatdırıb.