Beynəlxalq Muğam Mərkəzinin (BMM) muğam sənətimizin elmi-nəzəri məsələlərinə həsr olunan dəyirmi masa layihəsinin növbəti tədbiri fevralın 11-də keçiriləcək.
Mərkəzdən bildirilib ki, dəyirmi masa xanəndə, Qarabağ muğam məktəbinin görkəmli nümayəndəsi, Şuşada dünyaya gələn Bülbülcanın 180 illik yubileyinə həsr olunub. Yeni, musiqili-elmi-nəzəri formatda keçiriləcək tədbirdə xanəndənin həyat və yaradıcılığı, muğam sənətinə verdiyi töhfələrdən söz açılacaq.
Tədbirdə Xalq artisti, bəstəkar Sərdar Fərəcov, Əməkdar incəsənət xadimi Aqil Məlikov, Əməkdar artist, tarzən Valeh Rəhimov, professorlar Vilayət Quliyev, Rafiq Əliyev, tədqiqatçılar, filologiya üzrə fəlsəfə doktoru Gülhüseyn Kazımlı, Mustafa Çəmənli, Bülbülcanın ailə üzvləri Tərlan Zülalov və Anar Hacızadə çıxış edəcək.
Konsert hissəsində BMM-nin solistləri Əməkdar artist İlkin Əhmədov, xanəndələr Vəfa Vəzirova, Nisbət Sədrayeva, Hüseyn Məlikov, Rövşən Bəşirov çıxış edəcək. İfaçıları BMM-nin solistləri, tarzən Rövşən Qurbanovun rəhbərliyi ilə musiqi ansamblı müşayiət edəcək.