
21 Mart – Beynəlxalq Meşələr Günündə ölkənin bir çox regionlarını əhatə edən meşə fondu torpaqlarının açıq sahələrində ağacəkmə tədbirləri keçirilib.
Ekologiya və Təbii Sərvətlər Nazirliyindən bildirilib ki, Regional Meşə Təsərrüfatı mərkəzlərinin əməkdaşları tərəfindən aparılan ağacəkmə tədbirləri zamanı bir gündə hər bölgənin torpaq-iqlim şəraitinə uyğun 13 650 ədəd müxtəlif cinsli ağac tingi əkilib və 100 kiloqrama yaxın toxum səpilib.
Əkilən ağaclar Regional Meşə Təsərrüfatı Mərkəzlərinin tinglik sahələrində yetişdirilib.
Qeyd edək ki, BMT Baş Assambleyası tərəfindən meşələrin qorunması və artırılmasının vacibliyinə diqqət çəkmək üçün hər il mart ayının 21-i Beynəlxalq Meşələr Günü kimi qeyd olunur.