BEYNƏLXALQ MEDİA FORUMUNUN İŞTİRAKÇILARI HEYDƏR ƏLİYEV MƏRKƏZİNDƏ OLUBLAR

Medianın İnkişafı Agentliyinin (MEDİA) təşkilatçılığı ilə iyulun 22-də Şuşa şəhərində keçiriləcək Beynəlxalq Media Forumda iştirak məqsədilə ölkəmizdə səfərdə olan nümayəndə heyəti bu gün Heydər Əliyev Mərkəzində olub.

20-dək ölkədən olan xarici media nümayəndələri və ekspertlərdən ibarət nümayəndə heyətinə dünya memarlığının nadir incilərindən sayılan Heydər Əliyev Mərkəzi haqda məlumat verilib. Bildirilib ki, Mərkəz Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev irsinin tədqiqi və təbliği, Azərbaycanın tarixi və mədəniyyətinin, milli-mənəvi sərvətlərinin beynəlxalq aləmdə təbliği, eləcə də dünya mədəniyyəti nümunələrinin ölkəmizdə tanıdılması istiqamətində fəaliyyət göstərir.

Mərkəzdə, həmçinin Heydər Əliyev Muzeyinin yaradıldığı vurğulanıb. 2013-cü ildən fəaliyyət göstərən muzeydə ümummilli lider Heydər Əliyevin həyat yolu haqqında foto və videomateriallar vasitəsilə maraqlı faktlar qonaqlara təqdim edilib. Məlumat verilib ki, Mərkəzdə Ümummilli Liderin xatirəsinin əbədiləşdirildiyi Heydər Əliyev Muzeyi təşkil olunarkən burada onun həyat və fəaliyyətinin müxtəlif dövrlərinin əks olunmasına xüsusi diqqət yetirilib. Bu gün muzey həm də Heydər Əliyev irsinin öyrənilməsi baxımından mühüm əhəmiyyət kəsb edir.

“Mini Azərbaycan” sərgisi ilə tanışlıq zamanı isə diqqətə çatdırılıb ki, bu ekspozisiyada Bakıda və Azərbaycanın regionlarındakı tarixi memarlıq abidələri və bir sıra müasir binaların maketləri nümayiş olunur.