Regionda dayanıqlı sülh üçün Ermənistan Xocalı soyqırımına görə üzr istəməlidir.
Bu çağırışı “Soyqırımı və Kütləvi Qırğınlara Qarşı Budapeşt Beynəlxalq Mərkəzi”nin sədri Giorgiy Tatar bu gün ATƏT-in mərkəzi qərargahında səsləndirib.
Avstriyanın paytaxtı Vyanada Azərbaycanın Avstriyadakı Səfirliyi, Beynəlxalq Münasibətlərin Təhlili və Kommunikasiya Mərkəzinin təşkilatçılığı ilə keçirilən “Sülh və ədalət” mövzusunda beynəlxalq tədbirdə çıxış edən tanınmış Mərkəz rəhbəri 1992-ci ilin fevralında baş vermiş Xocalı soyqırımı haqqında geniş məlumat verərək bu cinayəti XX əsrin sonlarının ən qanlı faciələrindən biri adlandırıb, Ermənistanla Azərbaycan arasında dayanıqlı sülh quruculuğunda əsas maneələrdən biri kimi dəyərləndirib.
Natiq 44-günlük müharibənin Qarabağ münaqişəsinə son qoyaraq, Azərbaycan və Ermənistan arasında dövlətlərarası münasibətlərin normallaşması, xalqlar arasında nifrət və düşmənçiliyin tədricən aradan qaladırılması üçün şərait yaratdığını qeyd edib. Eyni zamanda, o, “Xocalıya Ədalət” kampaniyası nəticəsində geniş beynəlxalq müstəvidə soyqırımı kimi tanınan Xocalı faciəsinə məhz Ermənistanın adekvat qiymət verməməsinin regionda gedən normallaşma prosesi üçün ciddi maneələr təşkil etdiyini qeyd edib. Bu faciənin törədilməsinə görə Ermənistanın keçmiş rəhbərliyinin məsuliyyət daşıdığını vurğulayan natiq Yerevanın bu cinayətə görə faciə qurbanlarından üzr istəməsinin həm Ermənistanın öz qaranlıq keçmişi ilə hesablaşmasına, həm də regionda dayanıqlı sülhə xidmət edəcəyini bildirib.
Post-münaqişə dövründə sülh quruculuğu üzrə beynəlxalq təcrübəyə istinad edən G. Tatar rəhbərlik etdiyi beynəlxalq mərkəzin Xocalı qurbanları üçün ədalət və regionda sülh naminə, “Barışıq üçün etiraf et” təşəbbüsünə başladığını elan etdi. Təşəbbüsün əsas məqsədləri beynəlxalq ictimaiyyətin təsiri ilə Ermənistan tərəfindən faciənin tanınmasına nail olunması ilə yanaşı, Azərabaycan və Ermənistan cəmiyyətləri arasında dialoqa xidmət etməsi və post-münaqişə dövrü üçün “keçid ədalətinin” təmin edilməsidir.
Xocalı faciəsinin 30 illiyinə həsr edilmiş təşəbbüs ətrafında yaxın vaxtlarda geniş beynəlxalq koalisiyanın qurulmasının nəzərdə tutulduğunu qeyd edən G.Tatar koalisiyanın insan haqları təşkilatları və nüfuzlu ekspertlər üçün açıq olduğunu qeyd edib. Təşəbbüs çərçivəsində tədbirlər bu il ərzində davam etdiriləcəkdir.
Qeyd edək ki, Giorgiy Tatar uzun illər Macarıstan Xarici İşlər nazirliyində, Avropa Şurasının katibliyində müxtəlif postlarda çalışıb, 2010-cu ildən “Soyqırımı və Kütləvi Qırğınların Qarşısının Alınması üzrə Budapeşt Beynəlxalq Mərkəzi”nin sədridir.