BEYNƏLXALQ HÜQUQ BÖHRANI DÜNYA NİZAMINI SARSIDIR, AZƏRBAYCAN PREVENTİV TƏDBİRLƏRİNİ ARTIRIR – TƏHLİL

Müasir dövrdə beynəlxalq hüquqda böhran vəziyyətinin yaranması artıq bütün dünyada qəbul edilən həqiqətdir və günümüzdə bunun təsdiqinə dair kifayət qədər nümunələrə rast gəlmək də mümkündür. Belə vəziyyət öz növbəsində dünya nizamını sarsıtmaqla yanaşı, qlobal müstəvidə ən ciddi təhdid mənbələrindən biri kimi çıxış edir. Faktdır ki, ötən əsrin ortalarından etibarən beynəlxalq münasibətlərin tənzimlənməsində əsas rol oynayan beynəlxalq hüquq normaları uzun müddət dövlətlər arasında nizam-intizamın, sülhün və əməkdaşlığın qorunmasına xidmət edib. Lakin XXI əsrin geosiyasi reallıqları, güc balansının dəyişməsi və beynəlxalq sistemdə dərin ziddiyyətlərin yaranması bu hüquqi mexanizmlərin effektivliyini ciddi şəkildə sarsıdıb.

Beynəlxalq hüquqda böhranın əsas səbəblərindən biri dövlətlərin güc siyasətinə üstünlük verməsidir. Xüsusilə böyük dövlətlərin milli maraqlarını beynəlxalq hüquq normalarından üstün tutması hüquqi prinsiplərin selektiv şəkildə tətbiqinə gətirib çıxarıb. BMT Nizamnaməsində təsbit olunmuş dövlətlərin suverenliyi, ərazi bütövlüyü və güc tətbiqinin qadağan olunması kimi fundamental prinsiplər bir çox hallarda pozulub, lakin bu pozuntulara qarşı effektiv hüquqi mexanizmlər işə salınmayıb. Nəticədə beynəlxalq hüquq universallıq xüsusiyyətini itirərək daha çox siyasi alətə çevrilir. Bütün bunlara hazırlıqlı olmayan ölkələr isə olduqca böyük problemlərlə üzləşirlər və yenə də qeyd edilən xüsusda müasir dövrdə konkret misalların sayı yetərincədir.

Beynəlxalq münasibətlər sistemində getdikcə daha güclü aktora çevrilən Azərbaycan bütün bu reallıqları nəzərə alaraq müvafiq addımlar atır. Məsələ ilə bağlı Prezident İlham Əliyev yerli televiziya kanallarına müsahibəsində qeyd edib ki, dünyada indi gedən proseslərə əsasən, hər bir ölkə ilk növbədə öz hərbi potensialını gücləndirməlidir, təhlükəsizliyini gücləndirməlidir: “Hətta Yeni il bayramı ilə əlaqədar Azərbaycan xalqına təbrikimdə də demişdim, bugünkü dünya belədir: kim güclüdür, o da haqlıdır. Mənim sözlərim indi demək olar ki, həftəlik formatda bu və ya digər bölgələrdə təsdiqlənir… Həm də ki, öz təhlilimi apararaq görürəm ki, bugünkü dünyada beynəlxalq hüquq deyilən məsələ yoxdur. Bunu hər kəs gərək unutsun. Güc var, əməkdaşlıq var, müttəfiqlik var, qarşılıqlı dəstək var. Təbii ki, sən gərək özün əmin olasan ki, haqq yolundasan. Heç bir ölkə, heç bir rəhbər nahaq iş görməməlidir, heç bir ölkənin ərazi bütövlüyünə göz dikməməlidir, heç bir ölkəni işğal etməməlidir. Bizim böyüklüyümüz və müdrikliyimiz, eyni zamanda, məsuliyyətimiz göz önündədir. Biz həm 2020-ci ildə, həm 2023-cü ildə, həm də bu illər arasındakı olan hadisələr zamanı güc tətbiq edərək Ermənistana, yəni onlara layiq olan cavabı verə bilərdik. Necə ki, bizim xalqımız əzab-əziyyət içində yaşayıb, necə ki, bizim ərazilərimiz viran olunub, necə ki, bizə qarşı hərbi cinayətlər törədilib, biz də onların şəhərlərini Ağdamın vəziyyətinə qoya bilərdik. Tam rahatlıqla və əminliklə deyə bilərəm ki, heç kim bizi dayandıra bilməzdi. Biz bunu etmədik. Çünki birincisi, bu, nahaq iş olardı. İkincisi, mən tam əmin idim və bilirdim ki, gec-tez müharibə, hərbi qarşıdurma dayanmalıdır və bunu biz dayandırmasaq, bu dayanmayacaq”.

Qeyd edilənlər kontekstində Azərbaycan bütün istiqamətlər, o cümlədən hərbi sferada gücünü davamlı şəkildə artırır. Bununla bağlı müsahibəsində Prezident İlham Əliyev bildirib: “Biz Türkiyə ilə rəsmi müttəfiqlik formatında əməkdaşlıq edirik, o cümlədən hərbi müttəfiqlik, o cümlədən bir-birinə hərbi yardım çərçivəsində. Ancaq yaxşı olardı ki, ailəmiz olan türk dövlətləri bu istiqamətdə də əməkdaşlığa başlasınlar. Bunu təklif etməklə mən heç də hansısa hərbi təşkilatın yaradılmasını təklif etmirəm. Bəziləri bunu belə yozurlar. Yox, bu, tamamilə əsassızdır. Biz indi sadəcə olaraq, energetika sahəsində, nəqliyyat sahəsində, ticarət, investisiya qoyuluşu, bir çox sahələrdə əməkdaşlıq edirik. Nə üçün bu sahədə də əməkdaşlıq etməyək?”.

Azərbaycanın yanaşması ona əsaslanır ki, təkcə ölkəmiz yox, bütün türk dünyası indiki beynəlxalq hüquq böhranı şəraitində güclü olmalı, istənilən təhdidi dərhal məhv etməyə qadir olmalıdır. Beynəlxalq təşkilatların, xüsusilə Birləşmiş Millətlər Təşkilatının zəifləməsi fonunda ölkəmizin bu mövqeyi tamamilə düzgün olan yeganə yanaşmadır. BMT Təhlükəsizlik Şurasında münaqişələr zamanı qəbul edilən qətnamələrin icra olunmaması və ya ümumiyyətlə qəbul edilə bilməməsi beynəlxalq hüququn icra mexanizmlərinin nə qədər zəif olduğunu açıq şəkildə göstərir. Bu vəziyyət dövlətlərdə beynəlxalq hüquqa inamsızlığı daha da artırır.

Müasir dövrdə regional və lokal münaqişələrin artması da böhranın dərinləşməsinə təsir göstərir. Silahlı münaqişələr zamanı humanitar hüququn kobud şəkildə pozulması, mülki əhalinin hədəf alınması, məcburi köçkünlərin sayının artması beynəlxalq hüququn real təsir gücünün məhdudluğunu ortaya qoyur. Beynəlxalq məhkəmələrin və tribunal mexanizmlərinin mövcudluğuna baxmayaraq, məsuliyyətə cəlbetmə prosesi çox zaman selektiv və gecikmiş xarakter daşıyır.

Qloballaşma və texnoloji inkişaf da beynəlxalq hüquq üçün yeni çağırışlar yaradıb. Kiberhücumlar, informasiya müharibələri, süni intellektdən hərbi məqsədlərlə istifadə kimi məsələlər mövcud hüquqi çərçivələrdə tam tənzimlənmir. Dövlətlərarası münasibətlərdə bu yeni təhlükə növləri hüquqi boşluqlar yaradır və beynəlxalq hüququn müasir reallıqlara uyğunlaşa bilmədiyini göstərir. Hüquqi normativlərin texnologiyanın inkişaf tempindən geri qalması böhranı daha da dərinləşdirir.

Beynəlxalq hüquqda ikili standartlar məsələsi də böhranın əsas təzahürlərindəndir. Eyni hüquq pozuntusuna fərqli dövlətlər tərəfindən yol verildikdə beynəlxalq reaksiyanın dəyişkən olması beynəlxalq hüququn ədalət prinsipinə ciddi zərbə vurur. Bəzi hallarda sanksiyalar və siyasi təzyiqlər dərhal tətbiq olunduğu halda, digər oxşar vəziyyətlərdə beynəlxalq ictimaiyyət susqunluq nümayiş etdirir. Bu yanaşma beynəlxalq hüququn obyektiv və bərabər tətbiq olunması ideyasını zəiflədir.

Böhranın başqa bir mühüm aspekti beynəlxalq hüququn icra mexanizmlərinin məcburi xarakter daşımamasıdır. Beynəlxalq məhkəmələrin qərarlarının icrası çox vaxt dövlətlərin siyasi iradəsindən asılı olur. Güclü dövlətlər bu qərarları icra etməkdən imtina etdikdə, onlara qarşı effektiv sanksiya mexanizmlərinin olmaması hüquqi sistemin zəifliyini açıq şəkildə ortaya qoyur. Bu isə beynəlxalq hüququn normativ gücünü azaldır.

Hazırda beynəlxalq hüququn effektivliyinin artırılması üçün beynəlxalq təşkilatların islah edilməsi, hüquqi mexanizmlərin gücləndirilməsi və yeni qlobal çağırışlara uyğun normativ bazanın formalaşdırılması zəruridir. Dövlətlərin beynəlxalq hüquqa hörmət etməsi və onu siyasi maraqlardan üstün tutması bu böhrandan çıxışın əsas şərtidir. Amma indiki halda buna riayət edilməməsi dünya nizamını sarsıdır. Yaranmış xaotik durumun ortaya çıxardığı təhlükələri neytrallaşdırmaq üçün hər bir ölkənin güclü olması zəruri şərtir. Amma buna nail ola bilməyənlərin sayı az deyil. Azərbaycan isə əks düşərgədə yer alanlar cərgəsindədir və qüdrətini hər keçən gün daha da artırır. Bununla yanaşı, ölkəmiz beynəlxalq hüququn fundamental prinsiplərinə sadiqdir, bu sahədə yaranan böhranın isə mümkün qədər tez aradan qaldırlması istiqamətində əməli fəaliyyət göstərir.

MTM Analitik Qrupu