BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası – COP 29 beynəlxalq birliyin fəal üzvü kimi Azərbaycan üçün böyük əhəmiyyətə malik tədbirdir. Ölkəmizin ilk dəfə belə miqyaslı iqlim tədbirinə ev sahibliyi etməsi ilk növbədə Azərbaycanın beynəlxalq aləmdə artan nüfuzunun göstəricisidir. Lakin bəzi Qərb dairələrinin sammitin Azərbaycanda keçirilməsinə qarşı çıxaraq, boykot çağırışları etməsi geniş beynəlxalq dəstək qazanmadı və uğursuz oldu. Bu uğursuzluğun bir neçə səbəbi var. Birincisi, qlobal iqlim dəyişikliyinin beynəlxalq siyasətdə çox vacib yer tutması ilə bağlıdır. Göründüyü kimi, dünya ölkələri bu problemin həllinə dair ortaq iradə nümayiş etdirir və COP sammitləri bu məqsədlə əsas platformalardan biri kimi çıxış edir. Buna görə də bir çox ölkələr üçün iqlim məsələsi bəzi Qərb dairələrinin əksinə Azərbaycanın daxili siyasətindən daha vacib prioritetləri əks etdirir. Beynəlxalq ictimaiyyətin geniş hissəsi iqlim böhranı ilə mübarizəni siyasi mübahisələrdən üstün tutaraq sammitdə iştirak etməyi vacib bilib.
İkinci mühüm məqam COP29-un keçirilməsinin iqlim dəyişikliyi ilə bağlı mühüm qərarların qəbul ediləcəyi hadisə kimi qəbul olunmasıdır. Boykot siyasəti bu vacib məsələlərin müzakirəsini əngəlləmək riskini daşıdığı üçün bir çox ölkələr və beynəlxalq təşkilatlar bu çağırışlara məhəl qoymadı. Üçüncü məqam isə Azərbaycan hökumətinin COP29 sammitinə ev sahibliyi etmək üçün geniş diplomatik səylər göstərməsi idi. Ölkə müxtəlif beynəlxalq təşkilatlarla əməkdaşlıq quraraq sammitin uğurlu keçirilməsini təmin etmək üçün siyasi, iqtisadi və ekoloji müzakirələrə açıq olduğunu elan etmişdi.
Məlumdur ki, Azərbaycanın Avropanın qaz təchizatndakı və enerji təhlükəsizliyindəki strateji rolu bu ölkəni Qərb dövlətləri üçün mühüm tərəfdaşa çevirib. Hələ iki il bundan əvvəl Avropa Komissiyasının Prezidenti Ursula Fon der Lyayen Bakıya gələrək Prezident İlham Əliyevlə Azərbaycanla Avropa İttifaqı arasında enerji memorandumu imzalamışdı. Tərəflər 2023-cü il üçün qaz nəqlinin həcmini 12 milyard kub metrə, növbəti illərdə isə 20 milyard kub metrə çatdırmağı hədəfləmişdilər. Məhz belə olan halda bəzi Qərb dairələrinin neft-qaz ölkəsi olan Azərbaycanda beynəlxalq iqlim tədbirinin keçirilməsinə qarşı çıxması başadüşülən deyildi. Amma bu fakt özlüyündə boykot siyasətinin genişlənməsinin qarşısını alan əsas amillərdən biri oldu. Çünki Avropa ölkələri enerji təminatını təhlükəyə atmamaq üçün Azərbaycanla münasibətləri korlamamağı üstün tutdu. Çünki Bakı sammiti Qafqaz, Orta Asiya və Yaxın Şərq bölgələrində iqlim dəyişikliyi ilə bağlı əməkdaşlığın gücləndirilməsinə xidmət edir. Bu regionlardan olan ölkələr Azərbaycanın sammitə ev sahibliyi etməsini dəstəkləyərək, boykot çağırışlarına qoşulmadı, beləliklə, Qərb ölkələri arasında Azərbaycana qarşı boykot siyasətinə dair ortaq mövqe formalaşdırmaq mümkün olmadı. İtaliya, Almaniya, Britaniya, Macarıstan kimi ölkələr Azərbaycanla enerji əməkdaşlığını qoruyub saxlamaq, ikitərəfli münasibətləri daha da dərinləşdirmək siyasətinə sadiq qaldıqlarını nümayiş etdirdilər.
Boykot siyasətini iflasa uğradan əsas amillərdən biri də Bakı sammitinin yüksək səviyyədə təşkil edilməsi və beynəlxalq standartlara uyğunluğu idi. Çünki Azərbaycan hökuməti sammitin uğurlu keçməsi üçün infrastrukturun təkmilləşdirilməsi, təhlükəsizlik və logistika məsələlərini prioritet olaraq müəyyən etmişdi. Axı, Bakı həm də Cənubi Qafqazın sabitlik və təhlükəsizlik baxımından ən etibarlı şəhərlərdən biri hesab olunur. Sammitin keçiriləcəyi yer kimi Bakının seçilməsi təşkilati hazırlığın bir göstəricisi olaraq Qərb dairələrinin narahatlıqlarını azaltdı və boykotun təsirini minimuma endirdi. Elə sammitin liderlər konfransında Prezident İlham Əliyev də bu məsələyə toxunarkən tədbirdə 190 ölkədən 70 mindən çox qonağın iştirak etməsini boykot siyasətinin iflasa uğraması ilə əlaqələndirdi, Azərbaycanın dünyanı narahat edən məsələlərin həllində hər zaman öndə getdiyini bildirdi. Bu, həm də onu göstərdi ki, Azərbaycanın uğurlu siyasəti dünyanın bəzi dairələrində qısqanclıq doğurur, bu isə rəsmi Bakının missiyasına xələl gətirmir, o öz yolu ilə gedir və beynəxalq birliyin əsas tərəfdaşı olaraq qalır.