Bu gün Almaniyanın paytaxtı Berlin şəhərində kənd təsərrüfatı, bağçılıq və ərzaq məhsulları sahələrində dünyanın ən mötəbər sərgilərindən olan “Beynəlxalq Yaşıl Həftə” sərgisi işə başlayıb.
Yanvarın 26-dək davam edəcək sərgidə iştirak üçün 300 min nəfər qeydiyyatdan keçib.
Ümumi sahəsi 119 min kvadratmetr olan sərgidə 60 ölkədən 1400 istehsalçı öz məhsullarını nümayiş etdirir.
Almaniyanın ənənəvi ticarət yarmarkalarından və qida, kənd təsərrüfatı, bağçılıq sahələrində dünyada ən aparıcı tədbirlərdən olan Berlin “Beynəlxalq Yaşıl Həftə” sərgisi 1926-cı ildən keçirilir. Sərgi iqlim mühafizəsi, dayanıqlı iqtisadiyyat, resursların qorunması və torpaqdan davamlı istifadə kimi aktual sosial problemlərin müzakirəsi üçün mühüm beynəlxalq platformadır.
“Beynəlxalq Yaşıl Həftə” çərçivəsində kənd təsərrüfatı və qida sənayesi ilə bağlı mühüm mövzularda 300-dən çox tədbir, o cümlədən forum, konfrans, iclas, seminar, təlimlər keçiriləcək. Sərginin mərkəzi tədbiri Federal Ərzaq və Kənd Təsərrüfatı Nazirliyi (BMEL) tərəfindən təşkil ediləcək Ərzaq və Kənd Təsərrüfatı üzrə Qlobal Forumdur (GFFA). Yetmişdən çox ölkənin kənd təsərrüfatından məsul nazirlərin iştirak edəcəyi bu forumda kənd təsərrüfatı və qida sənayesinin qarşısında duran mühüm problemlər və çağırışlar müzakirə olunacaq.
Bundan başqa, sərgi çərçivəsində “Bioyanacaq Konqresi”, Kən”d yerlərinin inkişafı üçün Gələcək Forum” və digər mühüm beynəlxalq tədbirlər də keçiriləcək. Həmçinin sərgidə müxtəlif yarışlar, əyləncəli şou və viktorinalar da təşkil olunacaq.