Belarusun xəbər portalında işğaldan azad olunmuş Qarabağın ilk aeroportuna – Füzuli Beynəlxalq Hava Limanına Bakıdan uçan “Azərbaycan Hava Yolları”na məxsus ən böyük “Airbus A340-500” tipli sərnişin təyyarəsinin enişi barədə məqalə dərc edilib.
“Belprauda.com” xəbər portalında dərc olunan məqalədə Füzuli Beynəlxalq Hava Limanına sərnişin təyyarəsinin sınaq reysi həyata keçirdiyi qeyd olunur. Bildirilir ki, bu, işğaldan azad olunmuş Qarabağın ilk hava limanına eniş kimi də tarixə düşüb. Qeyd olunub ki, həmin təyyarə “Qarabağ” adını daşıyır. Bakı-Füzuli marşrutu üzrə sərnişin təyyarəsi ilə uçuş müddəti 35 dəqiqə olub.
Məqalədə, həmçinin avqustun 29-da Azərbaycan Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyevanın Füzuli Beynəlxalq Hava Limanında görülən işlərlə tanış olmaları barədə də ətraflı məlumat verilib.