BELARUSUN PORTALI AZƏRBAYCAN XİN-İN 20 YANVAR FACİƏSİNƏ DAİR BƏYANATINI YAYIMLAYIB

Belarusun nüfuzlu “Belarus seqodnya” xəbər portalı 20 Yanvar faciəsinin 32-ci ildönümü münasibətilə Azərbaycan Xarici İşlər Nazirliyinin yaydığı bəyanatına dair məqalə dərc edib.

Məqalədə 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə SSRİ rəhbərliyinin əmri ilə 26 min nəfərlik sovet ordusunun Azərbaycanın Bakı, Sumqayıt və digər şəhərlərinə yeridildiyi, bu hərbi müdaxilə nəticəsində 147 mülki şəxsin qətlə yetirildiyi və 744 nəfərin ağır xəsarət aldığı diqqətə çatdırılıb. Qeyd olunub ki, faciədən dərhal sonra ümummilli lider Heydər Əliyev Azərbaycanın Moskvadakı daimi nümayəndəliyində mətbuat konfransı keçirərək, bu vəhşiliyi kəskin şəkildə pisləyib, xalqımıza qarşı törədilmiş qırğına siyasi qiymət verilməsini və günahkarların cəzalandırılmasını tələb edib.

20 Yanvar faciəsindən 32 il keçir, lakin BMT-nin Ümumdünya İnsan Hüquqları Bəyannaməsi, Mülki və siyasi hüquqlar haqqında Beynəlxalq Pakt və digər beynəlxalq hüquqi sənədlərin kobud şəkildə pozulduğu, mahiyyətinə və miqyasına görə XX əsrdə törədilmiş ən dəhşətli cinayətlərdən biri olan bu hadisəyə beynəlxalq siyasi-hüquqi qiymət hələ də verilməyib. Bu cinayətə görə keçmiş sovet rəhbərliyi bilavasitə məsuliyyət daşıyır. Beynəlxalq hüquqa əsasən 20 Yanvar hadisəsi insanlıq əleyhinə cinayət kimi tövsif edilməli, onun sifarişçiləri və icraçıları cəzalandırılmalıdır.

Bəyanatda vurğulanıb ki, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Azərbaycan Ordusu 44 günlük Vətən müharibəsi nəticəsində ölkəmizin ərazi bütövlüyünü təmin edib və hazırda, müstəqilliyinin bərpa edilməsinin 31-ci ilini yaşayan Azərbaycan dünya birliyinin layiqli, etibarlı və məsuliyyətli üzvüdür.