BELARUSUN BAŞ NAZİRİ GƏNCƏDƏ TÖRƏDİLƏN ERMƏNİ TERRORU QURBANLARININ XATİRƏSİNİ ANIB

Belarusun Baş naziri Roman Qolovçenkonun başçılıq etdiyi nümayəndə heyəti Gəncə şəhərində səfərdədir.

Qonaqlar Gəncə Beynəlxalq Hava Limanında qarşılanıblar.

Roman Qolovçenkonun başçılıq etdiyi nümayəndə heyəti Vətən müharibəsi zamanı Ermənistan silahlı qüvvələrinin raket atəşinə tutduğu əraziyə baş çəkib.

Qonaqlar ermənilər tərəfindən Gəncə şəhərində törədilən terror hadisələri nəticəsində şəhid olan mülki şəxslərin ruhuna hörmət əlaməti olaraq əraziyə gül dəstələri düzüblər.

Məlumat verilib ki, Azərbaycanın ikinci böyük şəhəri Gəncə 2020-ci ilin 4, 5, 8, 11 və 17 oktyabr tarixlərində Ermənistanın raket və ağır artilleriya hücumlarına məruz qalıb. Ümumilikdə bu dəhşətli terrorlar nəticəsində 26 nəfər həlak olub, 175 nəfər yaralanıb, çoxsaylı mülki infrastruktur obyektlərinə və nəqliyyat vasitələrinə külli miqdarda ziyan dəyib. Eyni zamanda, Azərbaycanın digər böyük şəhəri olan Bərdədə törədilmiş terror nəticəsində 29 nəfər həlak olub, 112 nəfər yaralanıb.

Ermənistan hakimiyyətinin tapşırığı əsasında təkcə Gəncə və Bərdə deyil, eyni zamanda, Yevlax, Beyləqan, Tərtər, Qəbələ, Goranboy, Ağcabədi, Xızı və digər şəhər və rayonlarımız ballistik raketlər və digər ağır artilleriya qurğularından atəşə tutulub. Bu hərbi təcavüzlər nəticəsində 12-si uşaq, 27-si qadın olmaqla, 93 mülki şəxs həlak olub, 454 mülki vətəndaş yaralanıb.