BDYPİ YAĞMURLU HAVA ŞƏRAİTİ İLƏ BAĞLI HƏRƏKƏT İŞTİRAKÇILARINA MÜRACİƏT EDİB

Baş Dövlət Yol Polisi İdarəsi (BDYPİ) yağmurlu hava şəraiti ilə bağlı hərəkət iştirakçılarına müraciət edib.

BDYP-nin mətbuat xidmətindən verilən məlumata görə, hazırda paytaxtda və bir sıra bölgələrdə müşahidə olunan yağmurlu hava yol hərəkəti iştirakçılarına çətinliklər yaradır. “Yağışlı, çiskinli havalarda yol örtüyünün sürüşkən olması, görmə məsafəsinin məhdudlaşması və digər kritik hava şərtlərini nəzərə alaraq, sürücülər sürət həddini minimuma endirməli, kifayət qədər ara məsafəsi saxlamalı, nəqliyyat vasitələrinin texniki sazlığına nəzarət etməlidirlər. Belə havalarda piyadalar da diqqətli olmalı, məsuliyyətsiz davranışların ağır nəticəyə səbəb ola biləcəyini unutmamalıdırlar. BDYPİ əlverişsiz havalarda qəza riskinin artmasını nəzərə alaraq, bir daha hərəkət iştirakçılarından qaydalara ciddi riayət etməyi xahiş edir”,- deyə məlumatda qeyd olunub.