BDYPİ MOTOSİKLET, VELOSİPED VƏ SKUTER SÜRÜCÜLƏRİNƏ ÇAĞIRIŞ EDİB

Son illər mikromobil vasitələrin istifadəsinin artması yol hərəkətində yeni təhlükəsizlik çağırışlarını gündəmə gətirir. Təhlillər göstərir ki, həmin vasitələrin iştirakı ilə baş verən qəzaların əsas səbəbi sürücülərin şəxsi təhlükəsizlik qaydalarına əməl etməməsidir.

Bu barədə Baş Dövlət Yol Polisi İdarəsinin (BDYPİ) bu növ nəqliyyat vasitələrinin sürücülərinə etdiyi çağırışda bildirilib. İdarə həmin sürücülərə aşağıdakı təhlükəsizlik tədbirlərinə ciddi əməl etməyi bir daha xatırladır:

– Dəbilqə (motoşlem) istifadə edin. Qəza zamanı baş nahiyəsini qoruyaraq ölüm və ağır xəsarət riskini əhəmiyyətli dərəcədə azaldır. Təcrübə göstərir ki, dəbilqə taxan sürücülərin yaşama şansı ikiqat artır.

– Diz və dirsək qoruyucularından istifadə edin. Bu vasitələr aşma və toqquşma zamanı sümük sınıqları və ciddi əzələ zədələrinin qarşısını alır.

– İşıqqaytarıcı geyim və əşyalar taxın. Sutkanın qaranlıq vaxtı və zəif işıqlandırılan yollarda hərəkət iştirakçılarının sizi vaxtında görməsinə kömək edir.

– Qulaqlıqlardan və diqqəti yayındıran vasitələrdən istifadə etməyin. Telefonla danışmaq, musiqiyə qulaq asmaq və digər məşğuliyyətlər sürücünün ətraf mühitlə əlaqəsini zəiflədir, reaksiyanı ləngidir və qəza ehtimalını artırır.

“Unutmayın: həmin sadə, lakin həyati əhəmiyyət daşıyan qaydalara əməl etməklə, siz həm öz həyatınızı, həm də başqalarının təhlükəsizliyini qorumuş olursunuz”, – deyə çağırışda vurğulanıb.