BDU-NUN HƏMTƏSİSÇİSİ OLDUĞU JURNAL 489 BEYNƏLXALQ NƏŞR ARASINDA 6-CI YERDƏ OLUB

Beynəlxalq İnformasiya Agentliyi “Clarivate Analitics” hesabatına əsasən, Türk Dünyası Riyaziyyat Cəmiyyətinin və Bakı Dövlət Universitetinin (BDU) “Web of Science” bazasında indekslənən “TWMS Journal Pure and Applied Mathematics” jurnalının impakt faktoru 3.6 olub. Hazırda jurnalın 5 il üzrə orta impakt faktoru 2.1 təşkil edir.

Bu barədə universitetdən bildirilib.

Jurnal dünyada “Web of Science” bazasında “Riyaziyyat” kateqoriyası üzrə indekslənən 489 beynəlxalq nəşr arasında 6-cı yerdə, “Tətbiqi riyaziyyat“ kateqoriyası üzrə isə 331 beynəlxalq nəşr arasında 8-ci yerdə qərarlaşıb.

BDU-nun nəzdində Tətbiqi Riyaziyyat Elmi-Tədqiqat İnstitutunda nəşr olunan jurnalın indiyə qədər 29 nömrəsində 290-dan artıq məqalə dərc edilib.

Qeyd edək ki, 2015-ci ildə jurnal “Clarivate Analitics” Beynəlxalq İnformasiya Agentliyinin “Emerging Sources Citation Index“, 2020-ci ildə isə “Science Citation Index Expanded” bazasına daxil edilib. Jurnalda dərc olunan məqalələr “MatReviews”, “Zentrablatt” kimi bazalarda arxivlənir.