BBC RADİOSUNDA AZƏRBAYCANIN ANTİTERROR TƏDBİRLƏRİNDƏN SONRA HUMANİTAR VƏZİYYƏTİN YAXŞILAŞDIRILMASI ÜÇÜN ATDIĞI ADDIMLARDAN DANIŞILIB

Böyük Britaniyanın BBC radiosunun Dünya Xidməti “Həftəsonu” verilişində Azərbaycanın Qarabağ bölgəsində aparılan lokal antiterror tədbirlərindən sonra yaranmış vəziyyətlə bağlı reportaj və Azərbaycan Prezidentinin xüsusi tapşırıqlar üzrə nümayəndəsi Elçin Əmirbəyovla müsahibə yayımlanıb.

AZƏRTAC xəbər verir ki, E. Əmirbəyov müsahibəsində, ilk növbədə, son günlərdə antiterror tədbirləri dayandırıldıqdan sonra görülən işlərə, Qarabağın erməni əhalisinə göstərilən humanitar yardıma diqqət çəkib. Qeyd edilib ki, Azərbaycan tərəfi bölgədəki erməni əhalisinin reinteqrasiyası üçün ardıcıl addımlar atır, eyni zamanda, humanitar vəziyyəti yaxşılaşdırmaq məqsədilə əraziyə ərzaq, dərman və digər zəruri malların çatdırılması həyata keçirilir. Azərbaycan hökumətinin Xankəndiyə göndərdiyi 50 ton yük artıq yerli erməni əhalisinə paylanılıb, Beynəlxalq Qırmızı Xaç Komitəsi vasitəsilə yaralıların daşınması təmin edilib. Xüsusilə diqqətə çatdırılıb ki, Qarabağda erməni əhalisinin sayı şişirdilmiş şəkildə 120 min nəfər təqdim olunsa da, reallıqda orada yaşayanların sayı 50 min nəfərdən çox deyil.

Xüsusi tapşırıqlar üzrə nümayəndə diqqətə çatdırıb ki, Azərbaycan Ermənistanın öz öhdəliklərini tam yerinə yetirməsini, silahlı birləşmələrinin qalıqlarını Azərbaycan ərazisindən çıxarmasını istəyir. Bu proses artıq başlayıb və ilk silahlı dəstələr tərk-silah edilir. Bildirilib ki, könüllü təslim olan silahlılar, həmçinin mülki əhalinin Ermənistan ərazisinə sərbəst keçidi təmin olunacaq, vəziyyət tədricən sabitliyə doğru irəliləyəcək. Etimadın “bazardan satın alınmadığını” bildirən E. Əmirbəyov bu prosesin etimad üzərində qurulmalı olduğunu diqqətə çatdırıb. Qeyd edib ki, yerli əhali ilə birbaşa təmas bu etimadın qurulmasını hədəfləyir. Vurğulanıb ki, Azərbaycanın mülki əhali ilə heç bir problemi olmayıb və yoxdur, əsas hədəf Azərbaycan xalqının həyatı üçün riskə çevrilən qanunsuz silahlı birləşmələr və terrorçu qruplaşmalar idi. Bu proses isə artıq başa çatıb. İndi isə əmin olmaq lazımdır ki, erməniəsilli mülki əhali bütün lazımi tələbat malları (ərzaq, dərman, yanacaq, elektrik enerjisi və sair) ilə təmin olunacaqlarını bilsinlər. Bütün bunlar Azərbaycan hökumətinin təmin etməyə hazır olduğu məsələlərdir.