BAZARDÜZÜ ZİRVƏSİNİN ŞƏRQİNDƏKİ ADSIZ YÜKSƏKLİYƏ “ZƏFƏR ZİRVƏSİ” ADI VERİLİB

Vətən müharibəsində Qələbə münasibətilə Azərbaycan Ordusunun zabitləri və “Qartal” Dağçılıq İdman Klubunun alpinistlərindən ibarət heyətin Böyük Qafqaz sıra dağlarının Bazardüzü zirvəsinin şərqində yerləşən adsız yüksəkliyə (4301 m) yürüşü təşkil olunub.
“Zəfər Azərbaycanındır!” adlı ekspedisiyanın iştirakçıları mürəkkəb relyefə malik dağlıq ərazini keçərək təyin edilmiş yüksəkliyə qalxıblar.
Ekspedisiyanın iştirakçıları orada Azərbaycan Respublikasının Dövlət bayrağını ucaldıb, Dövlət himnini ifa edib və Vətən müharibəsində həlak olmuş şəhidlərimizin əziz xatirəsini bir dəqiqəlik sükutla yad ediblər.
Sonda Vətən müharibəsində Qələbəni tərənnüm edən “Zəfər zirvəsi” adlı lövhə bu yüksəklikdə bərkidilib.