BAYRAM GÜNLƏRİNDƏ BÖLGƏLƏRƏ ƏLAVƏ 36 REYS TƏYİN EDİLİB

Yeni il tətili ilə əlaqədar əhalinin təhlükəsiz, vaxtında və rahat şəkildə bölgələrə səyahətinin təmin edilməsi üçün “Azərbaycan Dəmir Yolları” QSC (ADY) 31 dekabr tarixindən 7 yanvar tarixinə kimi gücləndirilmiş iş rejimində fəaliyyət göstərib.

Azərbaycan Dəmir Yolları (ADY) QSC-dən bildirilib ki, bayram günlərində artan sərnişin tələbatı nəzərə alınaraq Bakı-Qəbələ-Bakı marşrutu üzrə hər gün əlavə reyslər təyin olunub və xətt üzrə 3 mindən çox sərnişinə xidmət göstərilib.

Həmçinin gündəlik qrafik əsasında fəaliyyət göstərən Bakı-Ağstafa-Bakı marşrutu üzrə də sərnişin təlabatının təmin olunması məqsədilə hər iki istiqamətə əlavə 24 reys təyin olunub. Bayram günlərində müvafiq marşrut üzrə 10 mindən çox sərnişin rahat və təhlükəsiz şəkildə mənzil başına çatdırılıb.