BAYKAL-AMUR MAGİSTRALINDA DÜNYANIN ƏN MÜRƏKKƏB TUNELİ SAYILAN SEVEROMUYSKİ ULU ÖNDƏR HEYDƏR ƏLİYEVİN BİRBAŞA RƏHBƏRLİYİ İLƏ UĞURLA TİKİLİB

Noyabrın 29-da “Rossiya-24” telekanalında Rusiya Federasiyasının Prezidenti Vladimir Putinin Rusiyanın “BTS-MOST” Səhmdar Cəmiyyətinin Direktorlar Şurasının sədri Ruslan Baysarovla görüşü barədə videomaterial yayımlanıb.

Görüşdə ümummilli lider Heydər Əliyev Sovet İttifaqı Kommunist Partiyası Mərkəzi Komitəsinin Siyasi Bürosunun üzvü və SSRİ Nazirlər Soveti Sədrinin birinci müavini vəzifəsində çalışarkən həmin dövrdə dünyanın ən mürəkkəb tuneli sayılan və xarici ölkələrin şirkətlərinin inşa edə bilmədiyi Baykal-Amur magistralındakı Severomuyski tunelinin Ulu Öndərin birbaşa rəhbərliyi ilə uğurla tikildiyi xüsusi olaraq vurğulanıb.

Ruslan Baysarov: Vladimir Vladimiroviç, Sizin diqqətinizi bir məqama cəlb etmək istəyirəm: on tunelin hamısı, o cümlədən ən mürəkkəb sayılan Severomuyski tuneli “Bamtonnelstroy” Səhmdar Cəmiyyətinin işçiləri tərəfindən tikilib. Əvvəlcə səkkiz tunelin olması planlaşdırılmışdı, sonra Hökumətin qərarı ilə daha iki tunel əlavə edildi. Bu şəkillərdə bizim işçilər tərəfindən tikilmiş tunellər, o cümlədən Severomuyski tuneli təsvir edilir. Severomuyski tuneli dünyada ən mürəkkəb tuneldir.

Vladimir Putin: Severeomuyski?

Ruslan Baysarov: Bəli. Bu, “Bamtonnelstroy” işçilərinin əzmkarlığının rəmzidir. Xarici mütəxəssislər bu tuneli tikməkdən imtina edir və bizim də imtina etməyimizi təklif edirdilər. 1984-cü ildə Sov.İKP MK Siyasi Bürosunun üzvü, Nazirlər Soveti Sədrinin birinci müavini Heydər Əliyev tunel inşaatçılarını dəstəkləmək üçün bu tikintiyə gəlmişdi. Bildiyiniz kimi, tunelin tikintisi başa çatdırıldı və o, indiyə qədər dünyada ən mürəkkəb tuneldir, çox maraqlı obyektdir.

Vladimir Putin: Onun mürəkkəbliyi nədən ibarətdir?

Ruslan Baysarov: Orada qrunt çox ağırdır, tektonik titrəyişlər, yeraltı cərəyanlar, qaz atmaları olub. Bu, çox mürəkkəb layihədir, lakin biz onu başa çatdırdıq.

Vladimir Putin: Uzunluğu 45 kilometrdir, eləmi?

Ruslan Baysarov: Biz orada cəmi 45 kilometr tunel tikmişik, bu tunelin uzunluğu isə 15,5 kilometrdir. Siyasi Büro əvvəlcə cəmi səkkiz tunel planlaşdırmışdı. Heydər Əliyev gələndə fəhlələr ona izah etdilər ki, əlavə iki dolanbac tunel tikilməsi də zəruridir. Heydər Əliyev “Bamtonnelstroy” işçiləri ilə birgə elə yerindəcə qərar qəbul etdi. Orada daha iki dolanbac tunel tikildi. Təsəvvür edirsinizmi? Bu, çox mürəkkəb, çox maraqlı obyektdir və indiyə qədər dünyada ən mürəkkəb obyektlərdən biri kimi qalır.