BASTRIKİNİN MƏKTUBU PUTİNİN ETİRAFINI İNKAR ETDİ

Mətbuatda və sosial şəbəkələrdə Rusiya Federasiyası İstintaq Komitəsinin Azərbaycanın Baş Prokurorluğuna ünvanladığı iddia edilən məktub yayılıb. Həmin sənəddə AZAL-a məxsus mülki təyyarənin Rusiyada “əlverişsiz hava şəraiti səbəbindən enə bilmədiyi” və daha sonra “eniş zamanı yerə çırpıldığı” bildirilir. Bu əsasla cinayət işinə xitam verildiyi vurğulanır. Məktubun Rusiya İstintaq Komitəsinin sədri Aleksandr Bastrikin tərəfindən imzalandığı iddia olunur.

Sənədin məzmunu təkcə hüquqi baxımdan deyil, həm də siyasi və diplomatik kontekstdə ciddi suallar doğurur. Çünki bu mövqe Rusiya Prezidenti Vladimir Putinin 9 oktyabrda Düşənbədə MDB Dövlət Başçıları Şurasının iclası çərçivəsində səsləndirdiyi açıqlama ilə açıq şəkildə ziddiyyət təşkil edir. Putin həmin çıxışında AZAL-a məxsus mülki təyyarənin Rusiya Silahlı Qüvvələrinin hava hücumundan müdafiə əməliyyatları fonunda qəzaya uğradığını faktiki olaraq etiraf etmiş, “bu cür vəziyyətlərdə tələb olunan hər şeyi etməyə hazır olduqlarını” bildirmişdi. O, belə də demişdi: “Sözsüz ki, belə hallarda, bu cür faciəli vəziyyətlərdə tələb olunduğu kimi, Rusiya tərəfindən kompensasiya üzrə hər şey ediləcək və bütün vəzifəli şəxslərin hərəkətlərinə hüquqi qiymət veriləcək”. Buradan da görünür ki, Vladimir Putinin Düşənbədəki açıqlaması adi diplomatik jest deyildi. Bu bəyanat de-fakto olaraq iki mühüm məqamı ehtiva edirdi. Birincisi, hadisənin sırf texniki və ya meteoroloji səbəblərlə izah edilə bilməyəcəyini, ikincisi də Rusiya hərbi strukturlarının fəaliyyətinin faciəyə dolayısı və ya birbaşa təsir göstərdiyini.

Beynəlxalq praktikada dövlət başçısının bu səviyyədə etirafı hüquqi proseslər üçün ciddi presedent yaradır. Belə hallarda istintaq orqanlarının və məhkəmə institutlarının mövqeyi siyasi rəhbərliyin açıqlamaları ilə uyğunluq təşkil etməlidir. Əks halda dövlət daxilində institusional parçalanma və ya məsuliyyətdən yayınma görüntüsü yaranır. İndi ortaya çıxan məktub isə tamam fərqli narrativ təqdim edir. Burada hadisə “əlverişsiz hava şəraiti” ilə izah edilir və hər hansı üçüncü tərəfin, xüsusən də hərbi əməliyyatların məsuliyyəti tamamilə istisna olunur. Cinayət işinə xitam verilməsi isə faktiki olaraq hadisənin hüquqi bağlanması deməkdir.

Bu yanaşma bir neçə ehtimalı gündəmə gətirir. Birinci ehtimal ondan ibarətdir ki, məktub rəsmi sənəd deyil və məqsəd ictimai rəyin yönləndirilməsi, diqqətin Putinin etirafından yayındırılmasıdır. İkinci ehtimal Rusiya daxilində siyasi rəhbərliklə hüquq-mühafizə institutları arasında mövqe uyğunsuzluğunun mövcudluğuna dəlalət edir. Üçüncü ehtimal isə ondan ibarətdir ki, rəsmi Moskva ilkin mərhələdə siyasi zərəri azaltmaq üçün etiraf edib, daha sonra isə hüquqi məsuliyyəti minimallaşdırmaq məqsədilə geri addım atır. Hər üç halda ortaya çıxan mənzərə Rusiyanın məsuliyyətdən yayınmaq üçün ziddiyyətli informasiya strategiyasına üstünlük verdiyini göstərir.

Mülki aviasiya ilə bağlı beynəlxalq hüquq normaları, xüsusilə Çikaqo Konvensiyası mülki təyyarələrin təhlükəsizliyinin təmin edilməsini dövlətlərin birbaşa öhdəliyi kimi müəyyən edir. Əgər mülki təyyarə hərbi əməliyyatların getdiyi hava məkanında zərər görürsə, bu artıq texniki qəza deyil, dövlət məsuliyyəti məsələsidir. Putinin açıqlaması bu məsuliyyəti siyasi səviyyədə tanıyırdı. İstintaq Komitəsinin məktubu isə həmin məsuliyyəti hüquqi müstəvidə inkar edir. Bu, beynəlxalq hüquqda “ikiqat mövqe” kimi qiymətləndirilə bilər və gələcəkdə Rusiyanın etibarlılığına ciddi zərbə vurur. Belə vəziyyətdə Rusiya Prezidentinin etirafı beynəlxalq instansiyalar qarşısında güclü arqument kimi çıxış edir. Digər tərəfdən də Rusiya istintaqının xitam qərarı prosesi dalana dirəmək cəhdidir. Bir sözlə, AZAL-a məxsus mülki təyyarə ilə bağlı ortaya çıxan bu ziddiyyətli sənədlər Rusiyanın hadisəyə münasibətdə ardıcıl və şəffaf mövqe nümayiş etdirmədiyini göstərir. Prezident səviyyəsində etiraf, ardınca istintaq orqanları tərəfindən faktiki inkar, bunlar təkcə hüquqi uyğunsuzluq deyil, siyasi məsuliyyətdən yayınma cəhdidir.

MTM Analitik Qrup