
Azərbaycanın Qarabağ bölgəsində saxlanılan separatçılarla bağlı Baş Prokurorluqda vahid istintaq qrupu yaradılıb.
Bu barədə Baş prokuror Kamran Əliyev jurnalistlərə açıqlamasında deyib.
O qeyd edib ki, bütün istintaq hərəkətləri həyata keçirilir.
“Azərbaycan xalqı bu istintaqın gedişatı ilə bağlı tam məlumatlı olacaq. Biz bunu təmin edəcəyik. Beynəlxalq konvensiyalara və Azərbaycan milli qanunvericiliyinə uyğun olaraq istintaq aparılır. İşin istintaqı başa çatandan sonra iş məhkəməyə göndəriləcək”, – deyə o əlavə edib.
Qeyd edək ki, Azərbaycanın hüquq-mühafizə orqanları Qarabağda qondarma qurumun “prezidentləri” olmuş Arkadi Qukasyan, Bako Saakyan, Araik Arutyunyan, sabiq “xarici işlər naziri” David Babayan, eləcə də “parlament sədri” David İşxanyan, generallar Lyova Mnatsakanyan, David Manukyan və keçmiş “dövlət naziri” Ruben Vardanyanı həbs edərək Bakıya gətirib.
