BAŞ NAZİR ƏLİ ƏSƏDOV PAKİSTAN MİLLİ ASSAMBLEYASININ SƏDRİ İLƏ GÖRÜŞÜB

Azərbaycan Respublikasının Baş naziri Əli Əsədov iyulun 8-də ölkəmizdə rəsmi səfərdə olan Pakistan Milli Assambleyasının sədri Sərdar Ayaz Sadiqin başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb.

Nazirlər Kabinetindən bildiriblər ki, görüşdə qarşılıqlı etimad və dəstəyə əsaslanan Azərbaycan-Pakistan qardaşlıq əlaqələrinin inkişaf dinamikası vurğulanıb.

İki ölkə arasında siyasi dialoqun yüksək səviyyəsindən məmnunluq ifadə olunub.

Parlamentlərarası əməkdaşlığın əhəmiyyəti qeyd edilərək Azərbaycan və Pakistanın qanunverici orqanları arasında qurulmuş qarşılıqlı faydalı əlaqələrin dövlətlərarası münasibətlərin hərtərəfli inkişafına müsbət töhfə verdiyi bildirilib.

Görüş zamanı həmçinin iki ölkə arasında müxtəlif sahələrdə əməkdaşlığın genişləndirilməsi perspektivləri və qarşılıqlı maraq doğuran digər məsələlər müzakirə olunub.