BAŞ NAZİR ƏLİ ƏSƏDOV İLƏ RUSİYA HÖKUMƏTİNİN SƏDRİ MİXAİL MİŞUSTİN ARASINDA TELEFON DANIŞIĞI OLUB

Azərbaycan Respublikasının Baş naziri Əli Əsədov ilə Rusiya Federasiyası Hökumətinin Sədri Mixail Mişustin arasında dekabrın 29-da telefon danışığı olub.

Nazirlər Kabinetindən verilən məlumata görə, danışıq zamanı Hökumət başçıları Rusiya-Azərbaycan ticari-iqtisadi əməkdaşlığının inkişafının aktual məsələlərini, o cümlədən müxtəlif sahələrdə birgə layihələrin həyata keçirilməsini, həmçinin Müstəqil Dövlətlər Birliyi çərçivəsində qarşılıqlı inteqrasiya fəaliyyətini müzakirə ediblər. Koronavirus infeksiyasına qarşı mübarizə, əhalinin kütləvi immunizasiyası məsələlərinə xüsusi diqqət yetirilib.

Əli Əsədov və Mixail Mişustin Cənubi Qafqazda iqtisadi əlaqələrin bərpası, nəqliyyat blokadasının açılması istiqamətində Azərbaycan, Ermənistan, Rusiya baş nazir müavinləri səviyyəsində üçtərəfli İşçi qrupunun fəaliyyətinin mühüm əhəmiyyət daşıdığını vurğulayıblar.