Azərbaycan Respublikasının Baş naziri Əli Əsədov sentyabrın 17-də Beynəlxalq Astronavtika Federasiyasının prezidenti Paskal Erenfroyndun rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.
Görüşdə Azərbaycanda yüksək texnologiyaların, kosmik sənayenin inkişafında əldə edilən uğurlar barədə söhbət açılıb.
Bakının 2023-cü ildə Beynəlxalq Astronavtika Konqresinə ev sahibliyi etməsinin tarixi əhəmiyyəti vurğulanıb, bunun Azərbaycanın bu sahədə nailiyyətlərinin beynəlxalq kosmik icma tərəfindən tanındığının əyani göstəricisi olduğu bildirilib.
Qeyd edilib ki, Azərbaycan genişmiqyaslı beynəlxalq tədbirlərin keçirilməsində zəngin təcrübəyə malikdir və eyni zamanda, ölkəmizdə müasir infrastruktur mövcuddur. Bütün bunların Konqresin ən yüksək səviyyədə keçirilməsi üçün münbit şərait yaratdığı bildirilib, Azərbaycanın bu istiqamətdə lazımi dəstəyin göstərilməsinə hazır olduğu ifadə edilib.
Vurğulanıb ki, Azərbaycan dünyanın kosmik klubunun məhdud sayda olan üzvlərindəndir və ölkəmiz Beynəlxalq Astronavtika Federasiyası ilə əməkdaşlığın genişləndirilməsində maraqlıdır.
Görüşdə, həmçinin Azərbaycanın işğaldan azad edilmiş torpaqlarında həyata keçirilən bərpa-yenidənqurma işləri barədə söhbət açılıb, bu prosesdə peyklərin əhəmiyyətli rolu xüsusi qeyd edilib.