Banklardakı 100 min manatdan çox olmayan sığortalanmış əmanətlər üzrə kompensasiya ödəniləcək.
Prezident İlham Əliyev “Əmanətlərin sığortalanması haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının Qanununu imzalayıb.
Dəyişikliyə əsasən, əmanət – hesablanmış faizlər də daxil olmaqla, bankın milli və xarici valyutada qəbul etdiyi və müvafiq qanunvericiliyə və ya müqaviləyə əsasən geri ödəməli olduğu pul vəsaitləri, o cümlədən notariusun depozit hesabına mədaxil edilmiş fiziki şəxslərə məxsus vəsaitləridir. Fiziki şəxslərin sahibkarlıq fəaliyyəti ilə əlaqədar açdığı bank hesablarındakı 20 min manatdan yuxarı pul vəsaitləri qorunan əmanətlərə aid edilmir.
Həmçinin Əmanətlərin Sığortalanması Fondu tərəfindən hər bir iştirakçı bankda sığortalanmış əmanət üzrə əmanətin 100 faizi həcmində, lakin 100 min manatdan çox olmamaq şərtilə kompensasiya ödənilir. Fiziki şəxslərin sahibkarlıq fəaliyyəti ilə əlaqədar açdığı bank hesablarındakı pul vəsaitləri üzrə kompensasiya 20 min manatdan çox olmamaqla, notariusların depozit hesablarında olan fiziki şəxslərə məxsus pul vəsaitləri üzrə kompensasiya isə həmin pul vəsaitlərinin 100 faizi həcmində ödənilir. Bu dəyişiklik 2021-ci il aprelin 5-dən qüvvəyə minəcək.