“BAKI KART” TERMİNALLARI ILƏ BAĞLI PROBLEM NƏ ZAMAN HƏLLİNİ TAPACAQ?

Bakı Kart” terminalları qarşısındakı növbələr koronavirusla mübarizədə əks effekt göstərir. Bəs, problem həllini nə vaxt tapacaq?

Xüsusilə həftə içi pik saatlarda paytaxt ərazisindəki müəyyən avtobus dayanacaqlarında ənənəvi hal almış bir problem yaşanır: “Bakı Kart” terminalları ya işlək vəziyyətdə deyil, ya da ümumiyyətlə, mövcud deyil. Pandemiyadan əvvəl də belə hallara tez-tez rast gəlinirdi. Hazırda isə müəyyən dayanacaqlarda terminal qarşısında izdiham müşahidə olunur. Məsələn, 28 May metrostansiyasının qarşısındakı dayanacaqda axşam saatlarında ən az 15 nəfərlik sıra görmək mümkündür. Həmin ərazidəki digər dayanacaqlarda terminalın işləməməsi bura üz tutanların sayının artmasına, eləcə də insanların mənzil başına vaxtında çatmasına maneə törədir.

“Gənclik” metrosu ətrafında mənzərə isə fərqlidir. Belə ki, həmin ərazidə yerləşən dayanacaqların əksəriyyətində “Bakı Kart” terminalı olmadığından, bir çox hallarda insanların biri-birinin kartından istifadə etdiyini görmək mümkündür.

Məsələ ilə bağlı “MTM”ə açıqlama verən ekspert Elməddin Muradlı bildirib ki, problemin həlli yolu onlayn ödəniş mexanizminin qurulmasıdır: “Ümumiyyətlə nəqliyyatda kart sisteminə keçməyimiz vaxtilə bizim üçün çox sevindirici hal oldu. Çoxları belə düşünürdü ki, bu yenilik istifadəçilər üçün daha asan və rahat olacaq. Amma belə olmadı. Bir halda ki, texnologiya bu qədər inkişaf edib, bizim kosmosda iki peykimiz var, niyə Türkiyə istehsalı olan terminalları idxal edirik? Bu halda mütəxəssis problemi də yaranır. Niyə “Bakı Kart” üzrə balansın ancaq “Baku kart” terminalı vasitəsilə artırılması mümkündür? Hesab edirəm ki, balansın onlayn formada artırılması üçün təcili tədbirlər görülməlidir. Həm terminalların sayının artırılması, həm də onlayn yolla ödəniş mexanizminin tətbiqi yolu ilə bu problemi həll etmək olar”.

Məsələ ilə bağlı Bakı Nəqliyyat Agentliyinin sözçüsü Mais Ağayevə müraciət etsək də, suallarımız cavabsız qaldı.

Müəllif: Səbahəddin Qurbanov