BAKININ NİZAMİ RAYONUNDA AVTOMOBİL YOLLARININ YENİDƏN QURULMASI ÜÇÜN 3 MİLYON AYRILIB – SƏRƏNCAM

Prezident İlham Əliyev Bakı şəhərinin Nizami rayonu ərazisində avtomobil yollarının yenidən qurulması işlərinin davam etdirilməsi ilə bağlı bəzi tədbirlər haqqında Sərəncam imzalayıb.

Sərəncamla Bakı şəhərinin Nizami rayonu ərazisində avtomobil yollarının yenidən qurulması işlərinin davam etdirilməsi məqsədilə “Azərbaycan Respublikasının 2022-ci il dövlət büdcəsində dövlət əsaslı vəsait qoyuluşu (investisiya xərcləri) üçün nəzərdə tutulan vəsaitin bölgüsü”nün 1.26.18-ci yarımbəndində göstərilmiş məbləğin 3,0 (üç) milyon manatı Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə ayrılır.

Azərbaycan Respublikasının Maliyyə Nazirliyi bu Sərəncamın 1-ci hissəsində göstərilən məbləğdə maliyyələşməni təmin edəcək.

Azərbaycan Respublikasının Nazirlər Kabineti bu Sərəncamdan irəli gələn məsələləri həll edəcək.