Bakıda Zəfər Günü ilə əlaqədar yürüşü keçirilir.
Trend-in məlumatına görə, saat 10-da hərbi orkestrin müşayiəti ilə başlayan yürüş Azneft dairəsindən “Ağ şəhər” bulvarınadək davam edəcək.
Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbinin kursantları isə Azərbaycan bayrağını yürüş marşrutu üzrə aparırlar. Yürüşü süvari dəstəsi müşayiət edir..
“Ağ şəhər” bulvarınadək davam edən yürüş “Regional İnkişaf” İctimai Birliyinin dəstəyi ilə təşkil olunan flaşmobla başa çatacaq.
Qeyd edək ki, Prezident İlham Əliyevin 2020-ci il dekabrın 3-də imzaladığı “Azərbaycan Respublikasında Zəfər Gününün təsis edilməsi haqqında” sərəncama əsasən 8 Noyabr Azərbaycanda Zəfər Günüdür.
2020-ci il sentyabrın 27-də Ermənistan silahlı qüvvələrinin cəbhəboyu genişmiqyaslı təxribat törətməsinə cavab olaraq Azərbaycan Ordusu sonradan “Dəmir yumruq” adlandırılan əks-hücum əməliyyatına başladı. 44 gün davam edən Vətən müharibəsi təxminən otuzillik işğala son qoyulması və ərazi bütövlüyümüzün bərpası ilə nəticələndi.
Hər bir azərbaycanlı üçün əziz olan Qarabağın incisi Şuşa şəhərinin noyabrın 8-də iyirmi səkkiz illik əsarətdən qurtarılması müharibənin taleyində həlledici rol oynadı, düşmənin siyasi-hərbi rəhbərliyinin məğlubiyyəti etiraf etməsinə və hərbi əməliyyatları dayandırmasına səbəb oldu.
Şuşanın işğaldan azad edilməsi əməliyyatı tarixdə əbədi qalacaq. Qarabağın tacı, döyünən ürəyi Şuşa təbii istehkam olduğundan şəhərə tanklarla, yaxud digər ağır silahlarla girmək mümkün deyildi. Onu almağın iki variantı vardı. Birinci halda şəhərdəki düşmən qüvvələrini hava zərbələri, top atəşləri ilə məhv etmək olardı. Komandanlıq buna getmədi. Çünki şəhərin bombardman edilməsi böyük dağıntılara səbəb olacaqdı. Buna görə də alternativ variant kimi əlbəyaxa döyüş taktikası seçildi. Qəhrəman əsgər və zabitlərimiz yüngül silahlarla qalın meşələrdən, qayalar, dağlar aşaraq düşməni üzbəüz döyüşdə məhv etdi.
Şuşa şəhərinin və onun işğaldan azad edilməsinin tarixi əhəmiyyəti nəzərə alınaraq, xalqımızın döyüş əzminin və qüdrətinin təntənəsinə çevrilən, dövlətimizin gələcək inkişafı və nüfuzu baxımından müstəsna əhəmiyyət kəsb edən bu misilsiz qələbə – Zəfər Günü hər il noyabrın 8-də təntənəli şəkildə qeyd edilir.