BAKIDA VƏ ABŞERON YARIMADASINDA HAVADAKI TOZUN MİQDARINDA ARTIM MÜŞAHİDƏ OLUNUR

Bakıda və Abşeron yarımadasında havadakı tozun miqdarında artım müşahidə olunur. Avtomatik stansiyalardan əldə olunan məlumata görə, hazırda havada tozun miqdarı normadan 2,5-3 dəfə çoxdur.

Bunu Milli Hidrometeorologiya Xidmətinin rəsmisi Gülnarə Abbasova bildirib.

“Havada müşahidə olunan toz meteoroloji şəraitlə əlaqədar transsərhəd xarakterlidir və Türkmənistan ərazisindən ölkəmizə daxil olub. Tozlu hava şəraitinin meteoroloji vəziyyətdən asılı olaraq yaxın iki gün ərzində davam edəcəyi gözlənilir”, – deyə G.Abbasova bildirib.

Xatırladaq ki, bu gün səhər saatlarında Bakıda və Abşeron yarımadasında havada tozun miqdarının normadan 1,5 dəfə yüksək olduğu qeydə alınıb.