BAKIDA TÜRK DÖVLƏTLƏRİ TƏŞKİLATININ MÜSƏLMAN DİNİ LİDERLƏRİNİN 3-CÜ GÖRÜŞÜ KEÇİRİLİR

Bu gün Gülüstan sarayında Azərbaycan Qafqaz Müsəlmanları İdarəsinin təşkilatçılığı ilə Türk Dövlətləri Təşkilatının müsəlman dini liderlərinin 3-cü görüşü keçirilir.

Görüşdə Türk Dövlətləri Təşkilatının Müsəlman Dini İdarə rəhbərləri Şurasının təsis edilməsi məramı ilə Türk Dövlətləri Təşkilatının Baş katibi Bağdad Amreyev, Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyxülislam Allahşükür Paşazadə, Türkiyə Diyanət İşləri Başkanı Əli Erbaş, Özbəkistan müftisi Nuriddin Xoliknazarov, Qazaxıstanın baş müftisi Naurızbay Taqanulı, Türkmənistan müftisi Yalkab Xocaquliyev Azərbaycanda bir araya gəlib.

Türk Dövlətləri Təşkilatının müsəlman dini liderlərinin daha öncə İstanbulda və Türküstanda görüşləri olub.

Oktyabrın 20-də Şuşada Türk Dövlətləri Təşkilatına üzv ölkələrin rəhbərlərinin xeyir-duası və müsəlman dini liderlərinin yekdil rəyi ilə ərsəyə gələn Türk Dövlətləri Təşkilatının Müsəlman Dini İdarə rəhbərləri Şurasının Əsasnaməsi imzalanacaq, Birgə Bəyanat qəbul ediləcək.