BAKIDA TÜRK DÖVLƏTLƏRİ TƏŞKİLATI MƏHKƏMƏ ŞURALARI SƏDRLƏRİNİN 3-CÜ İCLASI KEÇİRİLİB

İyunun 19-da Bakıda Türk Dövlətləri Təşkilatı (TDT) Məhkəmə Şuraları sədrlərinin 3-cü iclası təşkil olunub.

İclasda Azərbaycan Respublikasının Məhkəmə-Hüquq Şurasının və Ali Məhkəməsinin sədri İnam Kərimov, TDT-nin Baş katibi Kubanıçbek Ömüralıyev, Qırğız Respublikasının Hakimlər Şurasının sədri Aida Seidakmatova, Türkiyə Respublikasının Hakimlər və Prokurorlar Şurasının sədri vəzifəsini icra edən Fuzuli Aydoğdu, Özbəkistan Respublikasının Ali Məhkəmə Şurasının sədri Kholmumin Yodgorov, Qazaxıstan Respublikasının Ali Məhkəmə Şurasının üzvü Yernar Begaliyev, Şimali Kipr Türk Cümhuriyyətinin Ali Məhkəmə Şurasının və Ali Məhkəməsinin sədri Bertan Özerdağ iştirak ediblər.

Azərbaycan Respublikasının Məhkəmə-Hüquq Şurasının və Ali Məhkəməsinin sədri İnam Kərimov iclasda çıxış edib. O, iclas çərçivəsində imzalanması nəzərdə tutulan TDT-yə üzv ölkələrin Məhkəmə Şuraları Şəbəkəsinin Əsasnaməsi barədə məlumat verib: “Bu təşəbbüs ilk dəfə 2024-cü ilin may ayında İstanbulda keçirilən görüşdə irəli sürülüb və yüksək qiymətləndirilib. Bu gün həmin təşəbbüs konkret hüquqi əməkdaşlığımızın institutlaşması istiqamətində önəmli bir addımdır. Hesab edirəm ki, Əsasnamənin imzalanması ilə tərəfdaş dövlətlər arasında məhkəmə-hüquq sahəsində çoxtərəfli və davamlı əməkdaşlığın hüquqi əsası yaradılacaq”.