
Bakıda “Trans-Xəzər Beynəlxalq Nəqliyyat Marşrutu” Beynəlxalq Assosiasiyası (TBNM BA) Hüquqi Şəxslər Birliyinin ümumi yığıncağı keçirilir.
Tədbirdə Azərbaycanla yanaşı Gürcüstan, Qazaxıstan, Ukrayna, Türkiyə, Çin, Polşa, Litva, Sinqapur, Bolqarıstan və Rumıniyanın əlaqədar qurumlarının nümayəndələri iştirak edirlər.
Ümumi yığıncaqda TBNM BA Hüquqi Şəxslər Birliyinin işçi qrupunun 2024-cü il üzrə fəaliyyətinin yekunlarına dair hesabat, ötən il üzrə ümumi yükdaşımalar, eyni zamanda cari il üçün yükdaşıma planı məsələləri müzakirə olunur. Müzakirələrdə Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutunun potensialından səmərəli istifadə edilməsi, bu marşruta daha çox yük axınının cəlb olunmasının zəruriliyi, gömrük tarifləri və digər texniki məsələlər müzakirə edilir.
Yığıncağın sonunda müvafiq protokolun imzalanması da nəzərdə tutulub.
Qeyd edək ki, tədbir çərçivəsində “Middle Corridor via the Caspian Sea” (Xəzər dənizi vasitəsilə Orta Dəhlizə) mövzusunda forum təşkil olunacaq. Forumda Trans Milli Şirkətlərin təmsilçiləri, iş adamları, logistika, tranzit, nəqliyyat və daşımaçılıq sahələrində fəaliyyət göstərən qurumların rəhbərləri çıxış edəcək, perspektiv planları nəzərdən keçirəcəklər.
Forum çərçivəsində özəl şirkətlərin və dövlət qurumlarının ikitərəfli görüşləri də baş tutacaq.
