BAKIDA “POST COVID-19 VƏ 4-CÜ SƏNAYE İNQİLABI PERSPEKTİVLƏRİNDƏN TƏHSİLİN DİZAYNI” MÖVZUSUNDA BEYNƏLXALQ KONFRANS KEÇİRİLİR

Sentyabrın 24-də Heydər Əliyev Mərkəzində “Post COVID-19 və 4-cü sənaye inqilabı perspektivlərindən təhsilin dizaynı” mövzusunda beynəlxalq konfrans işə başlayıb.

Heydər Əliyev Mərkəzi, Kənd Təsərrüfatı Nazirliyi və Təhsil Nazirliyinin təşkilatçılığı, Azərbaycan Dövlət Turizm Agentliyi, “Regional İnkişaf” İctimai Birliyi, Azərbaycan Futuroloqlar Cəmiyyətinin – Minillik Layihəsinin Azərbaycan Respublikasındakı bölməsi və Bakı Media Mərkəzinin tərəfdaşlığı ilə keçirilən beynəlxalq konfrans “Nizami Gəncəvi İli”nə həsr olunub.

Xüsusi karantin rejiminin tələblərinə uyğun olaraq təşkil edilən tədbirdə dünyanın 20-dən çox ölkəsindən beynəlxalq və yerli ekspertlər həm də onlayn formatda təmsil olunurlar.

Dünyanın və Azərbaycanın aparıcı universitetlərinin, araşdırma mərkəzlərinin mütəxəssisləri və peşəkarlarının da təmsil olunduğu beynəlxalq konfrans rəqəmsal transformasiyanın təhsil, aqrar sahəsi, kommunikasiya və texnologiyalara, əmək bazarına təsiri mövzularını əhatə edir.

Eyni zamanda, konfransda “Sənaye 4.0 və yeni təhsil texnologiyaları”, “Bilik idarəçiliyi”, “Rəqəmsal kənd təsərrüfatı”, “İqtisadiyyatın rəqəmsallaşması”, “Süni intellekt və etika”, “Rəqəmsal dövr: İqtisadiyyat və təhsil sisteminə təsir” və “Rəqəmsal dövrdə yeni peşələr” kimi mövzular 4 panel üzrə müzakirə ediləcək.

Konfransın işinə UNICEF, UNESCO, Dünya İqtisadi Forumunun və digər beynəlxalq təşkilatların nümayəndələrinin qoşulacağı gözlənilir.

Beynəlxalq spikerlər “Əmək bazarının yeni rəqəmsal təhsil tələbləri əsasında yenidən qurulması”, “4-cü Sənaye İnqilabı dövründə peşəkar mütəxəssislərin yetişdirilməsi üçün mövcud olan qlobal siniflər”, “4-cü Sənaye İnqilabı və “Əşyaların İnterneti” (IoT) üçün yeni bir təhsil yolu”, “Onlayn tədrisin keyfiyyətinin artırılması”, “Ölkələrarası əməkdaşlıq 4-cü Sənaye İnqilabı üzrə təşəbbüsü dəstəkləyir” və digər mövzularda təqdimatla çıxış edəcəklər.

Qeyd edək ki, beynəlxalq konfransın məqsədi 4-cü Sənaye İnqilabının təsirləri və çağırışları ilə yaranacaq yeni formatlı təhsillə əlaqədar iqtisadiyyatın müxtəlif sahələrində baş verən dəyişikliklərə uyğun olaraq bilik və bacarıqların formalaşdırılması üçün zəruri tədbirlərin görülməsinin vacibliyini cəmiyyətə çatdırmaqdır.