BAKIDA PARKLANMANIN İDARƏ EDİLMƏSİ LAYİHƏSİNƏ START VERİLDİ

Bakı Nəqliyyat Agentliyi (BNA) paytaxt küçələrində parklanmanın idarə edilməsi məqsədilə pilot layihənin icrasına start verib.

Agentlikdən verilən məlumata görə, ilkin olaraq, layihənin əhatə etdiyi Bəsti Bağırova, Məhəmməd Naxçıvani və onlarla kəsişən küçələrdə yenidənqurma işləri həyata keçirilməkdədir. Parklanma yerlərinin təşkili məqsədilə layihələndirilən ərazidə həm də müasir şəhərsalma qaydalarına uyğun olaraq piyadayönümlülüyün artırılması prinsipləri əsas götürülüb.

Hazırda pilot layihənin icra edildiyi Bəsti Bağırova küçəsinin əvvəlki vəziyyəti heç də ürəkaçan deyildi. Burada piyada səkilərinin davamsızlığı və ümumilikdə yol infrastrukturunun vəziyyəti ərazini sürücülər və piyadalar üçün keçilməz edirdi.

Yeni layihə əsasında uzunluğu 450 metr olan bu küçənin ideal səviyyəyə gətirilməsi üçün 6 yerdə eynisəviyyəli piyada keçidi təşkil ediləcək. Yaşayış binalarından başqa 1 xəstəxana, 1 kollec və 1 bağçanın da yerləşdiyi bu küçədə nəqliyyat axınının intensivliyi nəzərə alınmaqla 138 parklanma yeri təşkil ediləcək, parklanmanın idarə edilməsində müasir texnologiyalar tətbiq ediləcəkdir. İcrası davam edən layihə çərçivəsində həm də digər kommunikasiya işləri görülür ki, bu da işə əsaslı yanaşmanın təzahürüdür. Küçədə hazırda tikinti-quruculuq işlərinin davam etməsini nəzərə alaraq sürücü və piyadalardan bu yolda daha diqqətli olmalarını və ərazidəki müvəqqəti çətinliyi anlayışla qarşılamalarını xahiş edirik. İşlərin 3 ay ərzində tamamlanması planlaşdırılır.