BAKIDA OMBUDSMANLARIN BEYNƏLXALQ SİMPOZİUMU KEÇİRİLİB

Azərbaycan Respublikasının insan hüquqları üzrə müvəkkilinin (ombudsmanın) təşəbbüsü ilə Bakıda “Konstitusiya və Suverenlik İli” və 18 İyun – Azərbaycan Respublikasında İnsan Hüquqları Gününə həsr olunmuş “Qanunun aliliyinin gücləndirilməsi: ombudsmanların və milli insan hüquqları institutlarının rolu” mövzusunda Ombudsmanların Beynəlxalq Simpoziumu keçirilib.

Simpoziumda 15-dək ölkədən ombudsman və milli insan hüquqları təsisatlarının rəhbərləri və nümayəndələri, dövlət orqanlarının yüksəkvəzifəli şəxsləri, deputatlar, beynəlxalq təşkilatların, vətəndaş cəmiyyəti institutlarının nümayəndələri, həmçinin insan hüquqları sahəsində təcrübəli ekspertlər iştirak ediblər.

Əvvəlcə ədliyyə naziri Fərid Əhmədov Prezident İlham Əliyevin simpozium iştirakçılarına müraciətini səsləndirib.

Sonra ölkəmizlə bağlı videoçarx nümayiş olunub.

Azərbaycanın insan hüquqları üzrə müvəkkili (ombudsman) Səbinə Əliyeva simpozium iştirakçılarına ünvanladığı müraciətə görə Prezident İlham Əliyevə təşəkkürünü bildirib.

Ombudsman qanunun aliliyinin gücləndirilməsi kimi qlobal əhəmiyyətli mövzu üzrə təşkil olunan bu tədbirin insan hüquqlarının müdafiəsi məsələsinin müzakirəsi və gələcək perspektivlərin dəyərləndirilməsi baxımından faydalı olacağına əminliyini ifadə edib. O, müasir dövrdə qloballaşma, silahlı münaqişələr və digər qlobal proseslərin insan hüquqları sahəsində əməkdaşlığın gücləndirilməsini şərtləndirdiyini, xüsusilə münaqişə və postmünaqişə dövründə qanunun aliliyinin təminatçısı kimi ombudsman və milli insan hüquqları təsisatlarının fəaliyyətinin vacib rol oynadığını qeyd edib.

Səbinə Əliyeva Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə otuz ilə yaxın işğal altında olan torpaqlarımızın azad olunduğunu, ölkəmizin beynəlxalq səviyyədə tanınmış ərazi bütövlüyünün və suverenliyinin tam olaraq bərpa edildiyini bildirib. Ölkəmizin Ermənistanın işğalçılıq və etnik təmizləmə siyasətinin yaratmış olduğu humanitar fəsadlardan hələ də əziyyət çəkdiyini qeyd edən ombudsman azad edilmiş ərazilərdə mövcud mina probleminin insanların təhlükəsiz yaşamaq hüququna ciddi təhdidlər yaratdığını, keçmiş məcburi köçkünlərin öz doğma yurdlarına təhlükəsiz qayıdışına, bu ərazilərdə aparılan bərpa-quruculuq işlərinə əngəl törətdiyini və regionda ekoloji tarazlığın pozulmasına səbəb olduğunu diqqətə çatdırıb.

Konstitusiya Məhkəməsinin sədri Fərhad Abdullayev bildirib ki, qloballaşan dünyada dövlətin, cəmiyyətin harmonik, sabit inkişafında fundamental hüquq və azadlıqların qorunması və qanunun aliliyinin təmin edilməsi mühüm şərtdir. Dövlət hakimiyyət orqanları arasında səmərəli əməkdaşlıq münasibətlərinin qurulması və bu münasibətlərin inkişaf etdirilməsi vacibdir.

F.Abdullayev Konstitusiya Məhkəməsi ilə Ombudsman təsisatı arasındakı əlaqəyə toxunaraq, bu cür qarşılıqlı münasibətlərin və aparılan təcrübə mübadiləsinin insan hüquqlarının müdafiəsi baxımından böyük əhəmiyyət kəsb etdiyini bildirib.

Milli Məclis sədrinin birinci müavini Əli Əhmədov isə bildirib ki, ölkəmizdə insan hüquqlarının qorunması ali dəyərə çevrilib. İnsan hüquqlarının qorunması uğurla həyata keçirilən prosesdir.

O qeyd edib ki, insan hüquqlarının qorunması Azərbaycan dövlətinin öz qarşısına qoyduğu, uğurla həyata keçirdiyi ən önəmli vəzifələrdən biridir. Dövlətimizin insan hüquqlarının müdafiəsini öz ali məqsədlərindən biri kimi qəbul etdiyini, bununla da ölkəmizdə insan hüquqları sahəsində formalaşmış təsisatların, o cümlədən Ombudsman təsisatının həmin dəyərlər əsasında fəaliyyət göstərməsinə şərait yaradıldığını bildirib.

Milli İnsan Hüquqları İnstitutlarının Qlobal Alyansının (GANHRI) sədri Amina Buayaşın və Milli İnsan Hüquqları İnstitutlarının Avropa Şəbəkəsinin (ENNHRI) sədri Luiza Holkun konfrans iştirakçılarına videomüraciətləri dinlənilib.

Ombudsmanların Beynəlxalq Simpoziumunda “Hər kəs üçün bərabər hüquqların təmin edilməsi: müsbət təcrübələr və çətinliklər” mövzusunda keçirilən panel müzakirələrdə çıxış edən xarici işlər nazirinin müavini Elnur Məmmədov ölkəmizin BMT-nin bir çox qurumu ilə əməkdaşlıq etdiyini diqqətə çatdırıb. Bildirib ki, çoxmillətli, çoxdinli ölkə olan Azərbaycanda 50-dən çox etnik və dini qrup bir ahəng içərisində yaşayır.

“Azərbaycandakı dini inanc azadlığı da fundamental insan hüquqlarından biridir. Azərbaycan müsəlman ölkə olsa da, burada qeyri-müsəlman icmalar azad yaşaya bilirlər. Ölkəmizdə dini icmaların inkişafı üçün onlara maliyyə dəstəyi də göstərilir”, – deyə xarici işlər nazirinin müavini vurğulayıb.

Simpoziumda ombudsmanların və milli insan hüquqları institutlarının konstitusion hüquqların təmin edilməsi sahəsində fəaliyyəti, hər kəs üçün bərabər hüquqların təmin edilməsi: müsbət təcrübələr və çətinliklər və qaçqınların hüquqlarının müdafiəsi sahəsində beynəlxalq əməkdaşlığın gücləndirilməsi və müsbət təcrübələr mövzularında panel sessiyalar təşkil edilib.

Yekunda Ombudsmanların Beynəlxalq Simpoziumunun Bəyannaməsi qəbul olunub.