BAKİDA OLAN BAĞÇALAR AÇİLİŞA HAZİRLANİB

Paytaxtda uşaq bağçalarının açılışına hazırlıq işləri sona çatıb.

Bu barədə Bakı Şəhər İcra Hakimiyyətindən bildiriblər. Qeyd olunub ki, son vaxtlarda ölkədə koronavirus pandemiyasına qarşı aparılan tədbirlər nəticəsində sanitar vəziyyətin yaxşılaşması ilə əlaqədar fevralın 15-dən Bakı şəhəri üzrə fəaliyyət göstərən dövlət və özəl uşaq bağçaları fəaliyyətini davam etdirəcəklər:

“Uşaq bağçalarının fəaliyyəti ancaq mövcud vəziyyət nəzərə alınmaqla, müvafiq sanitar-gigiyenik normalara əməl edilməklə mümkün olduğundan Bakı Şəhər İcra Hakimiyyətinin Məktəbəqədər Təhsil Müəssisələri və Uşaq Evləri İdarəsi tərəfindən müvafiq hazırlıq tədbirləri həyata keçirilir.
Bununla əlaqədar İdarənin tabeçiliyində olan bütün bağçalarda dezinfeksiya işləri aparılıb. Bağçaların tərbiyəçiləri və texniki işçiləri bağçalarda geniş təmizlik, tibbi-profilaktik işlər görürlər. İşçi personal hazırki şəraitdə işləmək qaydaları ilə bağlı təlimatlandırılıb”.

Bütün bağçalar tibbi maskalar, əlcəklər, hərarət ölçən aparatlar, dezinfeksiya məhlulları ilə təmin edilib:

“Bağçaların oyun, yataq və digər otaqlarında hazırlıq işləri aparılır. Otaqların havalandırılması və təlimata uyğun dezinfeksiyası üçün tədbirlər həyata keçirilir. Mətbəx və sanitariya qovşaqlarına diqqət artırılacaq, burada mütəmadi dezinfeksiya işləri aparılacaqdır.

Hər bir bağçanın girişində xüsusi dezinfeksiyaedici məhlullar qoyulub. Hər gün bağçaya gələn işçi heyəti və uşaqların temperaturu ölçüləcək, tərbiyəçilər tez-tez valideynlərlə əlaqə saxlayacaqlar. Həftə sonu bütün bağçalarda tam dezinfeksiya işləri aparılacaqdır”.

Bağçaların fəaliyyətə başlaması ərəfəsində Bakı Şəhər İcra Hakimiyyəti Aparatının rəhbəri Elgin Həbibullayevin sədrliyi ilə paytaxt rayonları bağça rəhbərlərinin iştirakı ilə video konfrans formatında müşavirələr keçirilib, görülməsi vacib məsələlərlə bağlı müvafiq tapşırıqlar verilib.

Paytaxtın uşaq bağçaları fəaliyyətə başladıqdan sonra xüsusi karantin rejiminin tələblərinə uyğun müəyyən edilən qaydalar çərçivəsində işləyəcək, bu müəssisələrdə sanitar-gigiyena və karantin qaydalarının tələblərinə ciddi əməl olunmasına nəzarət Bakı Şəhər İcra Hakimiyyəti və Bakı Şəhər Məktəbəqədər Təhsil Müəssisələri və Uşaq Evləri İdarəsinin əməkdaşları tərəfindən həyata keçiriləcəkdir.