BAKIDA “NETFLİX”İN BÖYÜK BÜDCƏLİ FİLMİNİN ÇƏKİLİŞLƏRİ OLUB

Dubai Expo sərgi məkanının “Terra Auditorium” zalında Azərbaycan Film Komissiyasının (“Filming Azerbaijan”) təqdimatı keçirilib.

Mədəniyyət Nazirliyindən verilən məlumata görə, təqdimat mərasimində müxtəlif ölkələrin film sektorunun nümayəndələri iştirak ediblər.

Mədəniyyət Nazirliyinin Audiovizual və interaktiv media şöbəsinin müdiri Rüfət Həsənov tədbirdə çıxış edərək bu təşəbbüsün Azərbaycanın “film turizmi” potensialını üzə çıxaracağını, ölkəmizə bu istiqamətdə sərmayəni artıracağını və iqtisadi baxımdan əlverişli imkanlar yaradacağını qeyd edib. O, yarandığı bir il ərzində Film Komissiyasının artıq ABŞ, Türkiyə, Hindistan, Livan və digər ölkələrin kinematoqrafçıları ilə Azərbaycan ərazisində film çəkilişini təşkil etdiklərini dilə gətirib. 2021-ci ildə “Netflix” platforması ilə əməkdaşlıq nəticəsində ABŞ istehsalı olan böyük büdcəli bir filmin çəkilişlərinin bir hissəsi Bakıda aparılıb.

Dünyanın əksər ölkələrində Film Komissiyaları aktiv şəkildə fəaliyyət göstərir. Azərbaycan Film Komissiyası 2021-ci ilin yanvar ayında Mədəniyyət Nazirliyi tərəfindən ölkə ərazisində film çəkilişlərinə dəstək və təşviq məqsədilə yaradılıb. Milli kinematoqrafiyanın inkişaf etdirilməsi və dünya kinosuna inteqrasiyası baxımından çox vacib olan bu addım kino sənayesində böyük dəyişikliklərə səbəb olacaq.

Yanvar ayının 11-də keçirilən tədbir artıq öz bəhrəsini verir. Monteneqronun və BƏƏ-nin bir neçə aparıcı film şirkətləri ilə ortaq layihələr müzakirə olunur.