
Bakının bir sıra rayonlarındakı bəzi bina və parkları bəzəyən, xalqımızın tarixi-mədəni irsinin formalarından biri olan mozaika kompozisiyaları mövcuddur. Əfsuslar olsun ki, xalq tətbiqi sənətinin geniş istifadə edildiyi bu mozaika kompozisiyalarında restavrasiya işləri aparılmasına ciddi ehtiyac yaranıb.
Bakı Şəhər İcra Hakimiyyətinin mətbuat xidmətindən bildirilib ki, bununla əlaqədar Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyevanın təşəbbüsü ilə Bakı şəhərinin bir çox ərazilərində nadir monumental sənət nümunəsi olan mozaikanın bərpa işləri həyata keçirilib.
Artıq Nizami rayonu, Heydər Əliyev prospektində yerləşən müəssisənin və Suraxanı rayonu, Səttar Bəhlulzadə küçəsindəki Suraxanı Dəmiryolu keçidinin qarşısında yeniləmə işləri yekunlaşıb.
Hazırda işlər digər ünvanlarda da davam etdirilir.