Dekabrın 2-də ADA Universitetində “Mədəniyyət naminə sülh” qlobal kampaniyasının Tərəfdaşlar Forumu (“Peace4Culture” Partners Forum) işə başlayıb.
BMT-nin Sivilizasiyalar Alyansı, İslam Dünyası Təhsil, Elm və Mədəniyyət Təşkilatı (ICESCO), ADA Universiteti və Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin birgə təşkilatçılığı ilə reallaşan tədbirdə dövlət rəsmiləri, bir sıra beynəlxalq təşkilatların və sülhün təşviqi üzrə ixtisaslaşmış institutların, diplomatik korpusun rəhbər şəxsləri və nümayəndələri iştirak edirlər.
44 günlük Vətən müharibəsi nəticəsində torpaqlarımızın işğaldan azad edilməsindən sonra dövlət başçımızın elan etdiyi “Böyük Qayıdış” çərçivəsində həyata keçirilən bərpa və yenidənqurma işləri və həmin ərazilərdə maddi və mənəvi canlanma dünya üçün bir nümunədir. Bu fəaliyyətlərin qlobal sülh prosesində mühüm əhəmiyyətini və beynəlxalq miqyasda nümunəvi model olaraq təbliğ edilməsi, eyni zamanda sülhün mədəniyyət və irsin qorunması, bərpası və inkişafı üçün nə qədər vacib olduğunu dünyaya nümayiş etdirmək məqsədilə cari ilin iyunun 23-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin dəstəyi ilə BMT-nin Sivilizasiyalar Alyansı və ICESCO ilə birgə “Mədəniyyət naminə sülh” (Peace4Culture) Qlobal Çağırışı elan edilib.
Bu tədbir “Mədəniyyət naminə sülh” qlobal çağırışının əhəmiyyətini və bu məqsədlə tərəfdaşlıq siyasətini formalaşdırmaq, beynəlxalq siyasi və akademik dairələrdə müzakirə platformaları təsis etmək, habelə gələcəkdə bu istiqamətdə çoxsaylı layihələr həyata keçirmək məqsədilə təşkil olunub. Forumda çərçivəsində “Yalnız mədəniyyətin sülh üçün nə edə biləcəyini deyil, sülhün də mədəniyyət üçün nə edə biləcəyini düşünək”, “Sülhsevər cəmiyyətləri və beynəlxalq sülh sistemini dayanıqlı şəkildə necə gücləndirə bilərik?”, “Sülh və təhlükəsizlik çağırışları: çoxtərəfli əməkdaşlığın qurulması” mövzularında plenar sessiyalar keçiriləcəkdir.
Məlumat üçün bildiririk ki, dekabrın 2-si eyni zamanda digər bir qlobal təşəbbüsün təsis olunduğu gündür. Belə ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin təşəbbüsü ilə məhz 2008-ci il dekabrın 2-də “Bakı Prosesi”nin əsası qoyulub. Bu qlobal hərəkat ölkəmizin beynəlxalq miqyasda mədəniyyətlərin və dinlərin dialoq mərkəzinə çevrilməsinə töhfə verib, nəticə etibarilə “Bakı Prosesi” və onun əsas platforması Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu BMT Baş Katibi tərəfindən təşkilatın mədəniyyətlərarası və dinlərarası dialoq üzrə əsas qlobal platforması elan edilib.