
Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Mərkəzi Elmi Kitabxanasında keçirilən “Məhkəmə arxeologiyası və məhkəmə antropologiyası: Humanitar tətbiqlər” mövzusunda ilk beynəlxalq konfrans mayın 24-də öz işini plenar sessiyalarla davam etdirir.
Beynəlxalq tədbir Azərbaycan Respublikası Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının, AMEA Arxeologiya, Etnoqrafiya və Antropologiya İnstitutunun və Beynəlxalq Qızıl Xaç Komitəsinin (BQXK) birgə təşkilatçılığı ilə keçirilir.
İkigünlük beynəlxalq konfransda müxtəlif ölkələrdən olan iki yüzdən çox iştirakçı məhkəmə arxeologiyası və antropologiyası ilə bağlı bilik və təcrübələrini bölüşürlər.
Tədbirin məqsədi məhkəmə arxeologiyası və antropologiyası sahələrində ABŞ, Argentina, Bosniya və Herseqovina, İsveçrə, Kanada, Kipr, Peru, Türkiyə, o cümlədən Azərbaycandan olan mütəxəssis və elmi işçiləri bir araya gətirərək qeyd edilən sahələrin beynəlxalq standartlar, multidisiplinar çərçivə və humanitar yanaşma tətbiq edilərək Azərbaycanda elmi əsaslarının qoyulması və inkişaf etdirilməsidir.
İkigünlük beynəlxalq konfrans bu gün başa çatacaq.