BAKIDA KEÇİRİLƏN DÜNYA ÇEMPİONATINDA DAHA ÜÇ NÖVDƏ MÜKAFATÇILAR BƏLLİ OLUB

Bakıda atıcılıq üzrə 53-cü dünya çempionatı davam edir.

Azərbaycan Atıcılıq Federasiyasından verilən məlumata görə, qadınlar arasında 50 metr məsafəyə tüfəngdən uzanaraq atəş açma növündə yarışlar başa çatıb.

İsveçrəli Anya Senti 627.7 xalla qızıl medala sahib olub. Gümüş medala Fransadan olan atlet Annett Müller yiyələnib. Bürünc medalı finlandiyalı Marianne Palo bayram edib.

Komanda yarışında isə İsveçrə birinci, Norveç ikinci, Avstriya üçüncü olub.

Kişilər arasında 25 metr məsafəyə standart tapançadan atəş açma növündə yarışlara da yekun vurulub.

Hindistanlı Sinq Amanpreet 577 xalla qızıl medala sahib çıxıb. Koreyalı atlet Qunhyeok Li ikinci, fransalı Kevin Çapon isə üçüncü yeri tutub.

Komanda yarışında Çin birinci, Almaniya ikinci, Koreya üçüncü olub.

Qadınlar arasında 25 metr məsafəyə standart tapançadan atəş açma növündə də qaliblər müəyyənləşib.

Çinli Sixuan Fenq 572 xalla qızıl medal qazanıb. Gümüş medala Yunanıstandan olan məşhur atıcı Anna Korakaki yiyələnib. Bürünc medala isə avstriyalı Silviya Şteyner sahib çıxıb.

Bu növ üzrə komanda yarışında Çin birinci, Azərbaycan ikinci, Hindistan üçüncü olub.