BAKIDA KEÇİRİLƏCƏK AVROPA ÇEMPİONATININ TANITIM VİDEOÇARXI İCTİMAİYYƏTƏ TƏQDİM OLUNUB

Mayın 17-21-də Milli Gimnastika Arenasında ilin ən gözlənilən yarışlarından biri – bədii gimnastika üzrə 39-cu Avropa çempionatı keçiriləcək. “Ulduz kimi parla” şüarı altında 38 ölkədən bədii gimnastların iştirakı ilə keçiriləcək qitə çempionatının yerli Təşkilat Komitəsi tanıtım videoçarxını ictimaiyyətə təqdim edib.

Azərbaycan Gimnastika Federasiyası xəbər verir ki, videoçarxda Azərbaycanın böyüklərdən ibarət qrup hərəkətləri üzrə yığma komandasının üzvləri – Güllü Ağalarzadə, Ləman Əlimuradova, Kamilla Əliyeva, Zeynəb Hümmətova, Yelizaveta Luzan və Darya Sorokina yer alıblar.

Tanıtım videoçarxını federasiyanın sosial şəbəkə hesabları vasitəsilə izləmək mümkündür.