BAKIDA KAMANDAN OXATMA ÜZRƏ ÖLKƏ ÇEMPİONATI VƏ BİRİNCİLİYİ KEÇİRİLƏCƏK

Bakıda kamandan oxatma üzrə Azərbaycan çempionatı və birinciliyi keçiriləcək.

Azərbaycan Kamandan Oxatma Federasiyasından  bildiriblər ki, yarışlarda ölkənin müxtəlif bölgələrini təmsil edən 50-dən çox peşəkar idmançı çempionluq titulu uğrunda mübarizəyə qoşulacaq.

Kişi və qadın idmançılar 16 yaşına qədər yeniyetmələr (30 metr məsafə), 16-18 yaşlı gənclər (60 metr məsafə) və böyüklər (70 metr məsafə) olmaqla üç kateqoriya üzrə bacarıqlarını göstərəcəklər.

Turnirin proqramına əsasən, avqustun 23-də məşq sessiyaları ilə başlayan çempionat ayın 24-də açılış mərasimi və sıralama atışları ilə davam edəcək. Nəhayət, oxatanların 1/4 final mərhələsindən finala qədər davam edəcək mübarizəsinə avqustun 25-də yekun vurularaq qaliblərin mükafatlandırılma mərasimi keçiriləcək.

Üç gün davam edəcək yarışlar saat 10:00-da Dənizkənarı Milli Park ərazisində baş tutacaq.

Bu çempionat yalnız ölkənin ən yaxşı oxçularını müəyyən etməklə yanaşı, həm də qədim ənənələri özündə yaşadan oxatma sənətinin inkişafı və qorunmasına töhfə verəcək.