BAKIDA DÜNYA AZƏRBAYCANLI TƏBİBLƏRİNİN I SİMPOZİUMU KEÇİRİLİR 

Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) təşkilatçılığı ilə ilk dəfə olaraq Dünya Azərbaycanlı Təbiblərinin Simpoziumu keçirilir.

Heydər Əliyev Mərkəzində Ulu Öndər Heydər Əliyevin 100 illiyinə həsr olunan Simpoziumun təntənəli açılış mərasimində Azərbaycan Respublikasının səhiyyə qurumlarının rəhbərləri, nazirlər, xaricdə yaşayan və çalışan həkimlər, Azərbaycanda fəaliyyət göstərən beynəlxalq təşkilatların və səfirliklərin nümayəndələri, tanınmış həkimlər, özəl və dövlət tibb müəssisələrinin direktorları və digərləri iştirak edirlər.

Əvvəlcə Ümummilli Lider Heydər Əliyevin və ərazi bütövlüyümüz və suverenliyimiz uğrunda canından keçən qəhrəmanların əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub, Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.

Sonra TƏBİB və Azərbaycan Televiziyasının birgə ərsəyə gətirdiyi və Ulu Öndər Heydər Əliyevin səhiyyənin inkişafındakı roluna həsr edilən film nümayiş olunub.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Dünya Azərbaycanlı Təbiblərinin I Simpoziumu iştirakçılarına müraciət ünvanlayıb.

Müraciəti Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Humanitar siyasət, diaspora, multikulturalizm və dini məsələlər şöbəsinin müdiri Fərəh Əliyeva səsləndirib.

Tədbirin keçirilməsində əsas məqsəd dünyanın müxtəlif ölkələrində yaşayan və çalışan azərbaycanlı həkimlərlə tibb sahəsindəki yenilikləri paylaşmaq və mütəxəssislər arasında təcrübə mübadiləsini təmin etmək, həmçinin xaricdə yaşayan azərbaycanlı həkimlərin milli səhiyyə sisteminin inkişafı istiqamətində aparılan işlərə öz töhfələrini vermələri üçün yeni imkanlar yaratmaqdır.

Simpoziumda dünyanın 13 ölkəsində – Türkiyə, Rusiya, Almaniya, Amerika Birləşmiş Ştatları, Küveyt, Səudiyyə Ərəbistanı, Birləşmiş Ərəb Əmirlikləri, Böyük Britaniya, İtaliya, Kanada, Qırğızıstan, Gürcüstan və Rumıniyada çalışan azərbaycanlı həkim-mütəxəssislər iştirak edirlər.

Qeyd edək ki, Simpozium iyunun 22-nə kimi davam edəcək.