BAKIDA COP29 İNFORMASİYA MƏRKƏZLƏRİ FƏALİYYƏTƏ BAŞLAYACAQ

Qarşımızda duran ən vacib missiyalardan biri COP29-un ən yüksək səviyyədə təşkil olunmasıdır. Məlumdur ki, hər bir tədbir iştirakçısı, eyni zamanda, şəhərimizin qonağı və ziyarətçisi olacaq. Buna görə də ziyarətçi təcrübəsinin də COP29 Azərbaycan Əməliyyat Şirkətində çox böyük önəmi var. Bununla bağlı Əməliyyat Şirkətində komitə yaradılıb. Aidiyyəti şöbələr həmin komitədə iştirak edərək, ziyarətçi təcrübəsinin tədbir müddətində daha da yaxşılaşdırılması üçün müəyyən addımlar atırlar.

Bunu jurnalistlərə müsahibəsində COP29 Azərbaycan Əməliyyat Şirkətinin Ziyarətçi təcrübəsi üzrə şöbə müdiri İlkin Cavadov deyib.

Tədbir üçün müəyyən marşrutlar üzrə xüsusi avtobusların hərəkət edəcəyini xatırladan İ.Cavadov deyib: “Həmin avtobusların dayanacaqlarının ziyarətçilər tərəfindən tapılması, eyni zamanda, məkandan otellərə istiqamət alması üçün müvəqqəti istiqamətverici işarələrin yerləşdirilməsi nəzərdə tutulub. Əlavə olaraq, hava limanı və metronun “Koroğlu” stansiyasının ərazilərində müəyyən istiqamətverici və məlumatverici işarələr yerləşdiriləcək. Bunlar bilavasitə ziyarətçilərə axtardıqları məkanı daha tez və rahat tapmasına şərait yaradacaq.

Digər tərəfdən tədbir məkanının özündə də müəyyən naviqasiya həllərinin yaradılması məqsədilə işlər davam edir. Məlumdur ki, Bakı Olimpiya Stadionunun ətrafında xeyli sayda müvəqqəti tədbir əraziləri yaradılıb. Yeni yaradılan məkanların ziyarətçilər və tədbir iştirakçıları tərəfindən tapılması üçün rəqəmsal xəritə ərsəyə gətirilib. Tədbir iştirakçıları A nöqtəsindən B nöqtəsinə getmək üçün həmin xəritə vasitəsilə marşrutu izləyərək məkanı tapa biləcəklər”.

İlkin Cavadov əlavə edib ki, bir çox brendinq işləri də görülür. Mövcud reklam qurğularında, işıq dirəklərində bayraqların yerləşdirilməsi, müəyyən məkanlarda instalyasiyaların qurulması, həm tədbir məkanının ətrafında, həm də şəhərin mərkəzində, həm də COP29 xüsusi marşrut avtobuslarının üzərində müəyyən brendinqlərin yerləşdirilməsi nəzərdə tutulub. Hazırda brendinq elementlərinə şəhərdə rast gəlmək mümkündür.

“Digər tərəfdən, ziyarətçi təcrübəsinin yaxşılaşdırılması və ziyarətçilərin rahatlığının təmin olunması məqsədilə şəhərdə 9 turizm informasiya mərkəzinin COP29 İnformasiya Mərkəzi kimi eyni anda fəaliyyətə başlaması gözlənilir. Həmin mərkəzlər noyabrdan etibarən 7-si şəhər ərazisində, ikisi hava limanında – “Terminal 1” və “Terminal 2”-də olmaqla fəaliyyətə başlayacaq”, – deyə o əlavə edib.