BAKIDA BATUT GİMNASTİKASI ÜZRƏ 28-Cİ DÜNYA YAŞ QRUPLARI YARIŞLARININ AÇILIŞ MƏRASİMİ KEÇİRİLİB

Noyabrın 25-də Bakı Milli Gimnastika Arenasında Batut Gimnastikası üzrə 28-ci Dünya Yaş Qrupları Yarışlarının təntənəli açılış mərasimi keçirilib.

Mərasim zamanı iştirakçı ölkələrin bayraqları nümayiş etdirilib. Azərbaycanın dövlət himni səsləndirilib.

Hakim, məşqçi və gimnastların adından andiçmə mərasimi keçirilib. İdmançıların adından Azərbaycan gimnastı Selcan Maqsudova and içib.

Daha sonra gimnastika şousu nümayiş etdirilib.

Qeyd edək ki, 25-28 noyabr tarixlərində təşkil olunacaq yarışda 32 ölkədən 650 idmançı iştirak edəcək.

Gimnastlar həm batut, həm tamblinq, həm də ikili mini-batut üzrə yarışlarda 11-12, 13-14, 15-16 və 17-21 yaş kateqoriyasında yarışacaqlar.

Yarışda gimnastlar batut üzərində fərdi və sinxron tullanışlar, tamblinq və ikili mini-batut üzrə proqramlarda çıxış edəcəklər.

Yarışlarda Azərbaycanı 15 gimnast təmsil edəcək. Batut gimnastikasında Selcan Maqsudova, Maqsud Maqsudov, Ammar Baxşəliyev, İbrahim Mustafazadə, Mehdi Əliyev, Nicat Mirzyəyev, Əli Niftəliyev, Şəfiqə Hümbətova, Səma Cəfərova, tamblinq yarışlarında Tofiq Əliyev, Adil Hacızadə, Bilal Qurbanov, Hüseyn Əsədullayev, Aleksey Karataşov və Elnur Məmmədov iştirak edirlər.