
Bakıda yerləşən Milli Gimnastika Arenasında bədii gimnastika üzrə 39-cu Avropa çempionatının iştirakçılarının podium məşqləri keçirilir.
Yarışlar 17-21 may tarixləri arasında “Shine like a star” (Ulduz kimi parla) şüarı altında keçiriləcək. Bədii gimnastika ulduzlarının iştirak etdiyi qitə çempionatında bütünlükdə 38 ölkədən 315 gimnast (191 böyük, 124 gənc) iştirak edəcək.
Beş gün davam edəcək çempionatda gimnastlar fərdi (böyüklər) və qrup hərəkətləri proqramında (gənclər və böyüklər) çıxış edəcəklər.
Gimnastlar fərdi proqramda top, halqa, gürz və lentlə hərəkətlər nümayiş etdirəcəklər. Böyüklər arasında qrup komandaları 5 halqa, 3 lent və 2 top proqramında, gənclər arasında isə qrup komandaları 5 ip və 5 top proqramında kompozisiyalar nümayiş etdirəcəklər.
Yarışlarda Azərbaycanı böyüklər arasında fərdi proqramda Zöhrə Ağamirova və İlona Zeynalova, həmçinin qrup hərəkətləri proqramında Güllü Ağalarzadə, Ləman Əlimuradova, Kamilla Əliyeva, Zeynəb Hümbətova, Yelizaveta Luzan və Darya Sorokinadan ibarət böyüklər komandası və Gövhər İbrahimoba, Səkinəxanım İsmayılzadə, Mədinə Aslanova, İlahə Bahadırova, Ayan Sadıqova və Zəhra Cəfərovadan ibarət gənclər komandası təmsil edəcəklər.
Trend məşqlərdən fotoreportajı oxucuların diqqətinə çatdırır.