BAKIDA “AVRO-2020” OYUNLARINA 50 FAİZ AZARKEŞ BURAXILACAQ

Ümumdünya Səhiyyə Təşkilatının qərarı ilə ötən il martın 12-də koronavirus epidemiyasının qlobal pandemiya elan olunması nəzərə alınaraq, UEFA İcraiyyə Komitəsinin 2020-ci il martın 17-də keçirilmiş iclasında “Avro-2020”nin daha əvvəl açıqlanmış tarixdən düz bir il sonra – 2021-ci il iyunun 11-dən iyulun 11-dək olan müddətdə keçirilməsi barədə qərar qəbul olunub. Bundan əlavə, UEFA-nın qərarında qeyd olunub ki, pandemiya ilə əlaqədar “Avro-2020”nin oyunlarının keçiriləcəyi stadionlara azarkeşlərin hansı sayda və hansı prosedurlar əsasında buraxılacağı barədə qərar yerli hökumət və dövlət strukturları tərəfindən qəbul ediləcək.
AFFA-dan verilən məlumata görə, Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Operativ Qərargahın və “Avro-2020”nin yerli təşkilat komitəsinin birgə iclasında UEFA-nın tövsiyələri və Bakı şəhərində pandemiya ilə bağlı mövcud vəziyyət nəzərə alınaraq Bakıda keçiriləcək 4 oyunun hər birində Bakı Olimpiya Stadionunun ümumi tamaşaçı tutumunun 50 faizi qədər azarkeşin COVID-19-la bağlı müvafiq prosedurların yerinə yetirilməsi şərti ilə iştirak edə biləcəyi barədə qərar qəbul olunub. Qərar yerli azarkeşlərlə yanaşı, oyunlarda iştirak edən milli komandaların mənsub olduğu ölkələrin vətəndaşlarına da şamil olunacaq (viza və koronavirusla bağlı müvafiq tələblərin yerinə yetirilməsi şərti ilə).
Məsələ ilə bağlı bütün zəruri məlumatlar UEFA-ya təqdim olunub.
Azarkeşlərin “Avro-2020”nin Bakı şəhərində keçiriləcək oyunlarını stadionda izləməsi üçün tətbiq olunacaq prosedurlar ilə əlaqədar yaxın gələcəkdə ictimaiyyətə daha ətraflı məlumat veriləcək.