BAKIDA AKROBATİKA GİMNASTİKASI ÜZRƏ DÜNYA ÇEMPİONATININ AÇILIŞ MƏRASİMİ KEÇİRİLİB

Martın 10-da Bakı Milli Gimnastika Arenasında Akrobatika gimnastikası üzrə dünya çempionatının açılış mərasimi keçirilib.

Mərasim zamanı iştirakçı ölkələrin bayraqları nümayiş etdirilib.

Bundan başqa, idmançı, məşqçi və hakimlərin andiçmə mərasimi baş tutub. İdmançılar adından Azərbaycan gimnastı Ağasif Rəhimov and içib.

Daha sonra gimnastika şousu keçirilib, azərbaycanlı gimnastlar milli musiqi motivləri altında parlaq elementlər nümayiş etdirib.

Qeyd edək ki, martın 10-13-də Milli Gimnastika Arenasında akrobatika gimnastikası üzrə Bakıda ilk dəfə olaraq dünya çempionatı keçiriləcək. Yarışlarda 17 ölkədən 170 gimnast iştirak edəcək.

4 gün davam edəcək yarışlarda idmançılar qadın, kişi və qarışıq cütlükləri, eləcə də qadın və kişi qrupları proqramlarında balans, temp və qarışıq hərəkətlər üzrə çıxış edəcəklər.

Yarışda ölkəmizi gənclər arasında Avropa çempionları Daniel Abbasov və Murad Rəfiyev kişi cütlüyü tərkibində təmsil edir. Qarışıq cütlüklər tərkibində isə beynəlxalq turnirlərin qalibləri Sabir Ağayev və Mehriban Salamova, Avropa çempionatının gümüş və bürünc mükafatçıları Ağasif Rəhimov və Raziyə Seyidli mübarizə aparacaqlar.

Xatırladaq ki, 2018-ci ildə ölkəmiz ilk dəfə akrobatika gimnastikası üzrə Dünya kubokuna, bu il martın 3-dən 6-dək isə bu növ üzrə 12-ci Dünya Yaş Qrupları Yarışlarına ev sahibliyi edib.