BAKIDA AKROBATİKA GİMNASTİKASI ÜZRƏ 12-Cİ DÜNYA YAŞ QRUPLARI YARIŞLARININ TƏNTƏNƏLİ AÇILIŞ MƏRASİMİ KEÇİRİLİB

Martın 3-də Bakı Milli Gimnastika Arenasında Akrobatika Gimnastikası üzrə 12-ci Dünya Yaş Qrupları Yarışlarının təntənəli açılış mərasimi keçirilib.

Mərasim zamanı iştirakçı ölkələrin bayraqları nümayiş etdirilib, Azərbaycanın dövlət himni səsləndirilib.

Daha sonra idmançı, məşqçi və hakimlərin andiçməsi keçirilib. İdmançılar adından Azərbaycan gimnastı Mənsumə Məmmədzadə and içib.

Tədbirin sonunda gimnastika şousu nümayiş etdirilib.

Qeyd edək ki, martın 3-dən 6-dək Bakıda Akrobatika Gimnastikası üzrə 12-ci Dünya Yaş Qrupları Yarışları keçiriləcək.

Yarışda 21 ölkədən 466 gimnast iştirak edəcək.

Yarışda idmançılar 12-18 və 13-19 yaş qrupları üzrə kişi cütlükləri, qadın cütlükləri, qarışıq cütlüklər, kişi qrupları, qadın qrupları balans, temp və qarışıq hərəkətlər proqramında qüvvələrini sınayacaqlar.

Yarışda Azərbaycanı 12-18 yaş kateqoriyasında Rəsul Seyidli, Rəvan Zeynallıdan ibarət kişi cütlüyü, Nəzrin Qasımova, Xanım Məmmədzadədən ibarət qadın cütlüyü, Milana Əliyeva, Nizam Xamidulindən ibarət qarışıq cütlük, Anahita Bashiri, Zəhra Rəşidova, Nəzrin Zeyniyevadan ibarət qadın qrupu və 13-19 yaş kateqoriyasında Leyla Bəşirova, Nəzrin Fərmanova, Mənsumə Məmmədzadədən ibarət qadın qrupu təmsil edəcək.